Birinci Türkoloji Qurultayın 100 ildən sonra yenidən Bakıda keçirilməsi Türk dünyasının ortaq tarixə, dilə və mədəni irsə sadiqliyini nümayiş etdirən əlamətdar hadisədir. Bu gün də 1926-cı ildə olduğu kimi, türk dövlətlərinin nümayəndələri eyni ruh və eyni məqsədlə bir araya gəliblər.
Bu fikirləri açıqlamasında Türkiyənin mədəniyyət və turizm nazir müavini Gökhan Yazgı söyləyib.
Nazir müavini bildirib ki, Birinci Türkoloji Qurultayın ilk toplantısı da məhz Bakıda keçirilib və həmin dövrdə olduğu kimi, bu gün də əsas məqsəd Türk dünyasının birliyini daha da möhkəmləndirməkdir.
“1926-cı ildə Bakıya gələn nümayəndə heyəti Türk dünyası üçün faydalı işlər görmək arzusu ilə toplaşmışdı. Aradan 100 il keçməsinə baxmayaraq, bu gün burada bir araya gələn nümayəndələr də eyni ruhu, eyni həyəcanı yaşayırlar. Biz Türk dünyasında birliyin, həmrəyliyin və böyük bir ailə anlayışının daha da möhkəmlənməsi istiqamətində çalışırıq. İnanıram ki, ortaq əlifbamız, ortaq mədəniyyətimiz və könül bağlarımız sayəsində qarşıdakı əsrlərdə də birlikdə yaşayacağıq”, – deyə Gökhan Yazgı vurğulayıb.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətində də vurğulandığı kimi, Türk Dövlətləri Təşkilatına sədrlik növbəsi Azərbaycandan Türkiyəyə keçəcək.
“Azərbaycanın sədrliyi dövründə həyata keçirilən uğurlu təşəbbüsləri davam etdirməyə çalışacağıq. Türkiyə olaraq, ən azı Azərbaycan qədər töhfə vermək, Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində yeni layihələr, uğurlu tədbirlər və mühüm təşəbbüslərlə Türk dünyasının inteqrasiyasını daha da gücləndirmək niyyətindəyik”, – deyə Türkiyənin mədəniyyət və turizm nazir müavini əlavə edib.
visiontv.az