Tramp apreldə Çinə, Si Cinpin isə ilin sonunda ABŞ-a səfər edəcək
23.01.2026

ABŞ Prezidenti Donald Tramp bu ilin aprel ayında Çinə rəsmi səfər edəcəyini açıqlayıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Tramp bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumundan Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı məlumat verib.

Prezident bildirib ki, Çin Xalq Respublikasının sədri Si Cinpin də ilin sonuna qədər ABŞ-a səfər edəcək.

“Mən aprel ayında Çinə gedəcəyəm. O isə ilin sonunda ABŞ-a gələcək. Çin lideri Si ilə görüşü səbirsizliklə gözləyirəm”, — deyə Tramp qeyd edib.

ABŞ Prezidenti Si Cinpini “möhtəşəm insan” adlandıraraq, keçmişdə iki ölkə arasında münasibətlərin gərgin olduğunu, lakin hazırda əlaqələrin xeyli yaxşılaşdığını vurğulayıb.

Onun sözlərinə görə, münasibətlərin yaxşılaşmasının bariz nümunəsi Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarını, xüsusilə soyanı böyük həcmdə almasıdır.

“Onlar çoxlu miqdarda soya alırlar. Bu, amerikalı fermerləri sevindirir və məni də məmnun edir”, — Tramp bildirib.