Rusiya prezidenti Vladimir Putin aparıcı biznes liderləri ilə qapalı görüşdə müharibənin maliyyələşdirilməsi üçün büdcəyə könüllü ianələr etməyi təklif edib. Bu haqda "The Bell" nəşri mənbələrə istinadla yazıb.
Mənbələrə görə, görüş Rusiya Sənayeçi və Sahibkarlar Birliyinin (RSSB) qurultayından sonra keçirilib. Mənbələr müharibənin maliyyələşdirilməsinə, federal hərbi istiqrazlar daxil, vəsait toplamağın mümkün mexanizmlərin müzakirə olunduğunu deyiblər.
Müəssisələri hərbi maliyyələşdirməyə cəlb etmək ideyasının "Rosneft"in baş direktoru İqor Seçinə məxsus olduğu bildirilir. İddialara görə, o, həmin ideyanı Putinə göndərdiyi məktubda irəli sürüb.
Görüş iştirakçılarının bəziləri təklifə dərhal razılaşıblar. "The Bell" yazır ki, işadamı Süleyman Kərimov 100 milyard rubl (123.5 milyon ABŞ dolları) ianə söz verib.
AzadlıqRadiosunun rus xidməti yazır ki, adətən, belə görüşlərin məzmunu açıqlanmır, Ukraynada təcavüzkar müharibə başlayandan hətta iştirakçıların siyahısı gizli saxlanılır.
"The Bell"in yazdığı rəsmən təsdiqlənməyib. Kreml hələlik məlumatı şərh etməyib.
Qurultayın açıq iclasında isə RSSB rəhbəri Aleksandr Şoxin internetin kəsilməsinin biznesə yaratdığı problemlərdən şikayətlənib. Xəbəri "RİA Novosti" agentliyi yayıb.
"Faridaily" xəbər verir ki, Şoxinin təqdim etdiyi bir slaydda Rusiya şirkətlərinin 40 faizinin mobil texnologiya olmadan fəaliyyət göstərə bilməyəcəyi vurğulanıb. Putin buna reaksiya verməyib.
visiontv.az