Təkadamlıq kamera cəzası barbarlıqdırmı? "Hüquq saatı" rubrikası...
Təkadamlıq kamera cəzası barbarlıqdırmı? "Hüquq saatı" rubrikası...
07.02.2023 MEDİA Tərəfindən

Bir anlıq təkadamlıq kameralarda qalmaqla cəzalandırılan məhbusları düşünək. Yalnız yemək yeyəcəyiniz, yatacağınız və hətta eyni zamanda tualet ehtiyacını ödəyə biləcəyiniz bir otaq. Bəzən pəncərələr də olmur… Ən əsası isə budur ki, məhbuslar monotonluq sindromundan əziyyət çəkməyə başlayırlar: hər gün eyni otaq, eyni rutin, hətta eyni insanlar, eyni davranışlar, eyni səslər… Bu, ağılsızca səslənir, lakin reallıqdır.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin ayrı-ayrı maddələrində birnəfərlik kameranın adı 12 dəfə qeyd edilmişdir. Məcəllənin 107.2-ci maddəsinə uyğun olaraq, cəzanın icrası qaydalarının qərəzli şəkildə pozulmasına görə, xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların bir aydan altı ayadək müddətə belə kameralara keçirilməsi şəklində intizam tənbehi tətbiq edilə bilər. Ancaq təbii ki, Azərbaycan intizam cəzası kimi təkadamlıq kamera qaydası müəyyənləşdirən tək ölkə deyil, digər əksər ölkələrin qanunvericiliyi də bunu təsbit edib. Lakin həmçinin digər ölkələr kimi, Azərbaycan da iti dillə hər cür işgəncəni qadağan edən bəzi beynəlxalq sənədlərin imzaçısıdır. Əslində bu ikisini bir yerdə görmək həm gülünc, həm də iyrəncdir.

Müddətlərdən danışdıqda isə insanı gərginlik bürüməyə başlayır. Belə ki, Kaliforniya Universitetinin sosial psixoloqu Kreyq Heyni öz “İllik kriminoloji hesabatlar” məqaləsində qeyd edir ki, təcrübəsində onilliklər boyu-hətta 30-40 il təkadamlıq kamerada qalmış məhkumlar da olub. Bir neçə müsahibəsində isə Heyni qeyd edir ki, məhz bu insanlar ən çox islah olanlar idilər, çünki uzun illər ərzində gördükləri mənəvi işkəncə duyğularının itməsinə, özlərinə qapanmalarına və xəstəlikdən o qədər əziyyət çəkmələrinə səbəb olmuşdur ki, bu şəxslər artıq pislik etmək bacarıqlarını belə itirmişlər.

Mövzu ilə bağlı hüquqşünas Rauf Cəfəzadənin qənaətinə görə Ədliyyə Statistikası Bürosunun hesabatında bildirilir ki, həbsxanada olan insanların təxminən 25%-də və əvvəlki il ərzində 30 gün və ya daha çox təkadamlıq kamerada yatmış həbsxanada olanların 35%-də ciddi psixoloji narahatlıq əlamətləri var. BMT-nin İşgəncə və Digər Qəddar, Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və ya Cəza Növləri üzrə Xüsusi Məruzəçisi müstəsna hallar və mümkün qədər qısa müddət ərzində olması istisna olmaqla onun istifadəsini pislədi və psixi xəstəlikləri olan insanlar və yetkinlik yaşına çatmayanlar üçün bu cəzanı tamamilə qadağan etdi. Otuz il əvvəl Harvard Tibb Məktəbinin “Barmaqlıqlar arxasında: ABŞ həbsxanalarında etika və insan hüquqları” konfransında çıxış edən professor Stüart Qrassian bu cəzaya cəlb edilmiş 14 nəfəri incələdi və onların çoxunda aşağıdakı simptomların varlığını aşkarladı: qavrayış pozğunluqları, halüsinasiyalar və derealizasiya təcrübələri; narahatlıq və panik atak kimi affektiv pozğunluqlar; düşüncə, yaddaş və konsentrasiya ilə bağlı çətinliklər; intiqam almaq və mühafizəçilərə işgəncə vermək kimi fantaziyaların yaranması; paranoya; impuls nəzarəti ilə bağlı problemlər. Və təcriddən çıxdıqdan dərhal sonra simptomların sürətlə azalması. Bunları nəzərə alaraq professor Qrassian bu simptomların patopsixoloji sindroma bərabər olduğunu hesab etmişdi.

Təkadamlıq kamera cəzasının insanın psixi sağlamlığını tamamilə məhv etməsi ilə yanaşı, onun fiziki sağlamlığına da mənfi təsirləri olduğunu vurğulamaq lazımdır. Xroniki baş ağrıları, görmə qabiliyyətinin pisləşməsi, həzm problemləri, başgicəllənmə, həddindən artıq tərləmə, yorğunluq və süstlük, ürək döyüntülərində ritm pozulması, işığa və səs-küyə qarşı həssaslıq, iştahsızlıq, əzələ və oynaq ağrıları, yuxu problemləri, əllərin titrəməsi, çəki itkisi (xatırlayın: “1984” romanında Uinston Smitin başına gələnlər) və s. məhbus “qurbanlar” üzərində təkadamlıq kameranın qeydə alınmış mənfi fiziki təsirləridir.

Bəs bu qədər bariz neqativ nəticələri olan bir cəzanı boykot edən hər hansı bir hərəkat yoxdurmu? Əlbəttə, var! Son 5-7 il ərzində yuxarı statuslu beynəlxalq təşkilatlar dövlətlərə bir neçə pozitiv təkliflər etmişdir. Məsələn, BMT dəfələrlə dövlətlərə təkadamlıq kamera cəzasının 15 gündən artıq olmasını mümkünsüz edən, daha artıq müddətə verilən bu növ cəzanın işkəncə olduğunu vurğulayan “Nelson Mandela” qaydalarını qəbul və tətbiq etməyi tövsiyə etmişdir. Həmçinin digər başqa təşkilatlar da bu qaydalara əməl olunmasına, həmçinin cəzanın yetkinlik yaşına çatmayanlara, psixi pozunuları olan insanlara tətbiq olunmamasına və belə cəza tətbiq olunduğu təqdirdə mütləq şəkildə şəxslər üzərində gündəlik həkim nəzarətinin qoyulmasına dair çağırışlar etmişdir.

Dövlətlər necə? Bu təklif, tövsiyə və çağırışlara reaksiyaları necədir? Bütün bunlara rəğmən cəmiyyətin ən böyük güc aparatı olan və bəzən öz original məqsədlərini aşan dövlətlər onlara məhəl qoyurmu? Təəssüflər olsun ki, hələ də ölüm cəzasının var olduğu bir dünyada dövlətlərdən bu cür humanist davranışlar gözləmək sadəlövhlükdür. Lakin bəzən, təbii ki, bəzi pozitiv şeylər də baş verə bilir. Məsələn, ABŞ-nin Kolorado ştatında qanunlar birbaşa yuxarıda sadalananlara uyğunlaşdırılmış, digər ştatlara və dövlətlərə müsbət yöndə örnək ola biləcək davranış sərgiləmişdir. Qeyd etmək lazımdır ki, cari dövrdə ABŞ-də bir neçə ştat Koloradonun fonunda bu qaydaları tətbiq etməyə hazırlaşır.

Əlbəttə ki, bir hüquqşünasın əsl yanaşması ondan ibarət olmalıdır ki, bu cəza növü tamamilə ləğv olunsun. Ancaq reallıqları nəzərə aldıqda prosesin bir anın içində baş verməsinin namümkünlüyü aydın olur. Məhz bu səbəbdən bu yöndə, tam istəkləri qarşılamasa belə, innovativ addımlar atan dövlətlərə alqış düşür. Bəzi insanlar isə bu cəza növünün məhbusların reabilitasiya prosesində əsas rol oynaya biləcəyini düşünür və onun ləğvinə qarşıdırlar. Lakin belə düşünən şəxslər bu məşhur ifadəni unudurlar: “Əgər biz yalnız cinayətkarların reabilitasiyasına fokuslansaq, işgəncə ona çatmaq üçün ən yaxşı yol olardı”.

Visiontv.az