Tehran artıq qarşıda yeni bir hərbi hücumun olacağı qənaətinə gəlib
09.05.2026

Britaniya kəşfiyyatının keçmiş zabiti və geosiyasi ekspert Alastir Kruk son bəyanatında bir sıra mühüm məqamlara toxunub.

İran ABŞ prezidenti Donald Trampa yeni sazişi Tehranın şərtləri ilə qəbul etmək üçün 30 gün vaxt verib. Hazırda geosiyasi vəziyyət sürətlə dəyişir.

Ekspertin fikrincə, İran Donald Trampın tam kapitulyasiyasını tələb edir - bu isə Trampın şüurunun dərk edə və ya qəbul edə bilməyəcəyi bir reallıqdır. Tehran artıq qarşıda yeni bir hərbi hücumun olacağı qənaətinə gəlib və buna tam hazırlaşıb.

Donald Tramp ilə Putin arasında baş tutan son telefon danışığı zamanı Rusiya lideri bildirib ki, əgər İrana qarşı hərbi əməliyyatlar bərpa olunarsa, Tehran eskalasiyanı çox geniş miqyasda gücləndirəcəkdir. Bu isə hamını müharibəyə sürükləyəcək və dünya iqtisadiyyatında xaosa səbəb olacaqdır. Putin həmçinin qeyd edib ki, İrana hücum ediləcəyi təqdirdə müharibədə yeni elementlər ortaya çıxacaqdır.

Digər tərəfdən, Çin bu yaxınlarda ABŞ-ın ekstraterritorial sanksiyalarına qarşı “2021-ci il Bloklama Qanunu” - nu aktivləşdirib. Bu qanun Çin banklarına, şirkətlərinə və neft emalı zavodlarına ABŞ sanksiyalarını tanımağı qadağan edir. Belə ki, qanuna əsasən, həmin sanksiyalara tabe olmaq qanunsuz sayılır.

Pekin həmçinin bəyan edib ki, bundan sonra Panama kanalından istifadə edən hər hansı kommersiya strukturu dünyanın heç bir yerində Çin limanlarına daxil ola bilməyəcəkdir. Panama kanalı əsasən Çinə yük daşımaları üçün istifadə edilirdi və indi Çin bu marşrutu bağlayıb.

Məlumata görə, ABŞ gəmilərinin 70-75 faizindən çoxu məhz Panama kanalından istifadə edir. Bu, Çinin ABŞ-a qarşı atdığı olduqca ciddi və ekstraterritorial addımdır.

Bu şərtlər daxilində Donald Tramp və Si Cinpin arasında görüş baş tutarsa, bu müzakirələrin həddindən artıq çətin keçəcəyi gözlənilir.

Elçin Alıoğlu

visiontv.az