Sülhməramlılarla bağlı məsələ indi yox, Qarabağda separatizmin ləğv edilməsi ilə həll edildi
19.04.2024

Ötən ilin 20 sentyabrında Qarabağda separatizmin təmizlənməsi, Xankəndiyə bayrağımızın sancılması ilə nəticələnən anti-terror tədbirlərində irəl sürülən “Azərbaycan bunun qarşılığında Rusiyaya nə verdi” məsələsi sülhməramlıların vaxtından əvvəl ərazimizi tərk etməsində də gündəmə gəlib.

Rusiya kimi bir ölkə geri çəkilirsə, bunun əvəzsiz olması inandırıcı deyil. Lakin sülhməramlılarla bağlı məsələ indi yox, Qarabağda separatizmin ləğv edilməsi və ermənilərin çıxmasından sonra həll edildi. Və Moskvanın Qarabağdan imtina etməsi Cənubi Qafqazdakı maraqlarının qorunmasından qaynaqlanır. Bu haqda anti-terror tədbirlərindən sonra yazmışdır. 2022-ci ildə Praqa görüşündən sonra Qarabağda qalmaq Rusiya üçün bölgəyə yox, təkcə Azərbaycana təsir etmək imkanına çevrildi. Qarabağdan imtina edən Ermənistan isə siyasi oriyentasiyasını Qərbə doğru dəyişməyə başladı. Bu, Qarabağ məsələsini bir tərəfdən Moskva-Bakı münasibətlərində problemə çevirir, həm də Ankranı narazı salır, digər tərəfdən, erməni əhalisinin problemlərinə görə məsuliyyət Rusiyanın üzərində qalırdı. Moskvada anladılar ki, bölgəyə təsir etmək üçün həmişə rıçaq olaraq istifadə etdikləri Qarabağda qalmağa köklənmək bu dəfə Cənubi Qafqazın itirilməsi ilə nəticələnə bilər. Azərbaycanın erməni separatizmini ləğv etməsinə müdaxilə etməyən Rusiyanın sühməramlılarını da bölgədən çıxarması Cənubi Qafqazda zəifləyən təsir imkanlarını minumum zərərlə qorunması məqsədi daşıyır. Bunun qarşılığında Azərbaycan Rusiyaya siyasi baxımdan bölgədəki maraqlarının nəzərə alınması sözünü verə bilər, misal üçün, Qərbin Bakı-İrəvan danışıqları üzərindən regiona müdaxiləsinə geniş meydan verməmək kimi...

Asif Nərimanlı

visiontv.az