Spiker: Wuf13-də rekord sayda iştirak Azərbaycanın dialoq məkanı kimi nüfuzunu nümayiş etdirdi
26.05.2026

Wuf13-də dünyanın müxtəlif ölkələrindən rekord sayda – 60 minə yaxın nümayəndənin iştirak etməsi Azərbaycanın etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi böyük nüfuz qazandığını bir daha nümayiş etdirdi.

Bunu  Milli Məclisin bu gün keçirilən iclasında spiker  Sahibə Qafarova bildirib. “Ötən bir neçə gün ərzində  Azərbaycan yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Bakı şəhəri  BMT-nin  Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edib. Bu cür mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin növbəti uğuru olub. Sessiyada dünyanın müxtəlif ölkələrindən rekord sayda – 60 minə yaxın nümayəndənin iştirak etməsi  Azərbaycanın etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi böyük nüfuz qazandığını bir daha nümayiş etdirib. Dövlət başçısı İlham Əliyev forumun açılışında etdiyi çıxışda  Bakıda və ölkəmizin digər bölgələrində müasir şəhərsalma sahəsində həyata keçirilən layihələrdən danışdı. Prezident xüsusi qeyd etdi ki, Azərbaycanda şəhərsalma ənənələri dərin tarixi köklərə malikdir. Əsrlər boyu burada zəngin şəhər mədəniyyəti formalaşmış, nadir memarlıq abidələri yaradılıb. Bu gün Azərbaycan tarixi irsi qorumaqla yanaşı, həm də dayanıqlı inkişafın müasir standartlarını və şəhərsalmanın qabaqcıl yanaşmalarını tətbiq edir. Bu baxımdan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri müstəsna əhəmiyyətə malikdir. Qarabağda və  Şərqi Zəngəzurda yalnız yeni yaşayış məntəqələri deyil, həm də müasir yaşayış mühiti yaradılır. Əlamətdar haldır ki, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” elan olunub. Ümumiyyətlə, Ümumdünya Şəhərsalma Forumunun məhz belə bir dövrdə keçirilməsi onu göstərir ki, şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələləri Azərbaycanın təkcə daxili gündəliyində deyil, həm də beynəlxalq fəaliyyətində mühüm yer tutur”, - deyə spiker qeyd edib.

visiontv.az