Rusiyada şagird məktəbdə yanğın törədib
06.02.2026

Rusiyanın Krasnoyarsk şəhərində bir məktəbdə səkkizinci sinif şagirdi yanğın törədib, məktəblilərə çəkiclə hücum edib, bir neçə nəfər xəsarət alıb.

Bu barədə Rusiyanın "Mash" və "Baza" Telegram kanalları, TASS dövlət agentliyi mənbələrə istinadla xəbər yayıb. TASS-ın məlumatına görə, beş şagird və bir müəllim xəsarət alıb.

Üç şagird yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb, daha iki nəfərə tibbi yardım göstərilib.

DİN-in regional idarəsi bildirib ki, məktəbli qız sinif otağına yanan parça atıb, daha sonra bir neçə şagirdi "çəkicə bənzər əşya" ilə vurub. "Mash" qeyd edir ki, qız əvvəlcə tualetdə unitazın qapağını yandırıb, sonra sinfə girərək sinif yoldaşlarının üstünə benzin tökməyə başlayıb.

Telegram kanallarının yazdığına görə, o, messencerlərdə məktəbə hücum etmək, yanğın törətmək niyyəti haqda xəbərdarlıq edib, amma sözləri ciddi qəbul olunmayıb. "Şagirdlər hücum edən qızı sakit və təmkinli biri kimi xarakterizə edirlər. O, tez-tez bəzi yaşıdlarının rişxəndinə, bullinqinə məruz qalırdı", – "Baza" yazır.

Son bir ayda Rusiya məktəblərində bir neçə zorakı insident yaşanıb. Fevralın 3-də Krasnoyarsk diyarında yeddinci sinif şagirdinin bir qızı bıçaqladığı, müəllimə hücum etdiyi xəbər verilir.

Rusiyada doqquzuncu sinif şagirdi məktəbdə atəş açıb

Ufada bir gimnaziya şagirdi səhər saatlarında oxuduğu təhsil ocağına hücum edib. O, travmatik silahla məktəbə daxil olaraq içəridəkilərə atəş açıb. UFA1.RU nəşri hadisə haqda ilk məlumat verənlərdəndir, ilkin məlumatlara istinadla üç nəfərin xəsarət aldığını yazıb.

Amma AzadlıqRadiosunun rus xidməti yerli hakimiyyət orqanlarının yaralılar haqda məlumatı təsdiqləmədiyini yazır.

"Bu gün səhər saatlarında doqquzuncu sinif şagirdi Ufa şəhərindəki 16 saylı gimnaziyada straykbol avtomatından atəş açıb. Xəsarət alan yoxdur. Yeniyetmə saxlanılıb. Vəziyyət nəzarət altındadır, detalları araşdırırıq", – Başqırdıstan rəhbəri Radiy Xabirov Telegram kanalında yazıb.

Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti də atəş açmaqda şübhəli bilinən məktəblinin saxlanıldığını təsdiqləyib. "İlkin məlumata görə, 16 saylı gimnaziyanın 9-cu sinif şagirdi plastik pnevmatik avtomatla dərsə girib. O, müəllimə və üç sinif yoldaşına bir neçə dəfə atəş açıb və fişəng partladıb", – məlumatda deyilir.

Hadisə yerinə gələn polis patrul-post xidməti və "Rosqvardiya" əməkdaşları yeniyetməni saxlayıb. DİN xəsarət alanlar haqda məlumatı dəqiqləşdirməyib.

İstintaq Komitəsinin regional idarəsi bir neçə cinayət işi, o cümlədən səhlənkarlıq maddəsi üzrə iş açıldığını bildirib.

Hücumun mümkün motivləri barədə hələlik rəsmi məlumat yoxdur.

visiontv.az