Qubadlı şəhərində Böyük Qayıdış proqramı çərçivəsində ilk yaşayış məhəlləsinin tikintisi sürətlə davam etdirilir.
3,34 hektar ərazini əhatə edən yaşayış kompleksində 21 çoxmənzilli binanın inşası nəzərdə tutulub. Kompleksdə ümumilikdə 176 mənzil olacaq.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov bildirib ki, mənzillər əsasən iki və üçotaqlı olacaq. Kompleksin ərazisində oyun meydançaları, yaşıllıq zonaları, yerüstü və yeraltı avtomobil dayanacaqları, həmçinin iki qeyri-yaşayış binasının inşası nəzərdə tutulur.
Onun sözlərinə görə, binalardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillərin sahəsi 60-95 kvadratmetr arasında dəyişəcək.
Kompleksdə sakinlərin rahatlığı üçün uşaq və istirahət meydançaları, velosiped dayanacağı, məişət tullantılarının toplanması üçün xüsusi ərazilər yaradılacaq. Həmçinin yanğından mühafizə məqsədilə iki yeraltı su anbarı və nasosxana inşa ediləcək.
Növrəs Cəfərov qeyd edib ki, Qubadlı şəhərində ikinci yaşayış kompleksinin layihələndirilməsi də yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda həmin kompleksdə tikinti işlərinə başlanılması planlaşdırılır.
Hazırda ilk yaşayış kompleksində bünövrə işləri tamamlanıb, tikinti işləri mərhələli şəkildə davam etdirilir.
visiontv.az