Qızıl bulaq mis-qızıl yatağı və Ağdərə şəhərimiz haqqında nə bilirik?
Qızıl bulaq mis-qızıl yatağı və Ağdərə şəhərimiz haqqında nə bilirik?
08.12.2022 MEDİA Tərəfindən

Qızıl bulaq mis-qızıl kolçedan yatağı - Ağdərə rayonu ərazisində yerləşən mineral yataq. Yatağın geoloji quruluşunda Orta Yuranın vulkanogen süxur kompleksləri iştirak edir. Yatağın əsas qırışıqlıq strukturu trambon antiklinalıdır. Bu antiklinal morfoloji cəhətdən vulkano–tektonik strukturları xatırladır. Strukturun gümbəz hissəsi bat yaşlı riodasitlərlə yarılmışdır. Yataq sahəsində əsas parçalanma strukturu “qızıl bulaq” dərinlik qırılmasıdır. Bu qırılma meridianal istiqamətdə uzanaraq 550-600 bucaq altında şərqə düşür. Yer səthində filiz kütlələri güclü oksidləşməyə məruz qalmışlar və oksidləşmə zonasının qalınlığı 15 m-ə qədərdir. Yataq daxilində əsas filiz kütləsi şimal-qərb istiqamətində uzanaraq sərt bucaq altında cənub-şərqə düşən iki qırılma arasında yerləşmişdir. Bu filiz kütlələrinin morfologiyası ştokverkləri xatırladır. Ştokverklər pirit, xalkopirit damarcıqlarından təşkil olunub.Əsas filiz mineralı pirit və xalkopirit, ikinci dərəcəli minerallar isə barit, sfalerit və az miqdarda isə qalenitdən təşkil olunub.

Ağdərə rayonu Azərbaycan rayonlarından biridir. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilmiş, rayonunun Xatınbəyli, Qazançı, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun, Çərəktar, Kotavan, Verin Oratağ, Çıldıran, Mehmana, Hayad, Tomaqahoğ, Şahmasur, Vənkli, Qarnakar, İmarət Qərvənd, Zardaxaç, Çapar, Nareştar, Damğalı, Kolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun, Ağdərə şəhəri, Umudlu, Zəylik, Möhrətağ, Ağabəyələnc,Canyataq, Dəmirli, Gülyataq kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilib.

Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi isə Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağ ətrafındakı üç rayon - Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünmüşdür.

Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etmişdi.

1989-cu ildə SSRİ tərəfindən aparılmış son əhalinin siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı.

İşğala qədər azərbaycanlılar Ağdərənin əsasən 14 kəndində - Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli, Maniklu, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar kəndlərində və Gəncxana sovxoz qəsəbəsində yaşayıb.
Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-ın, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunur. Ağdərənin Mehmana mis yatağı Türkiyəli iş adamı Mehmət Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarmaqla məşğuldur. Maraqlıdır ki, ərazidən çıxarılan mis Rusiya Federasiyasındakı Almaniyadan olan iş adamına satılır. 2005-ci ilin mart ayından iş adamı Mehmet Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb.

80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ərəfəsində rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı. 2011-ci ildə isə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin Energetika və Təbii Ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.


Bünyamin Bünyadzadə
Visiontv.az