Qəzvində etiraz aksiyası keçirilib
29.05.2024

Qəzvinlilər SEPAH-ın himayəsində olan "Xodro Təravət" avtomobil şirkətinin onların ödənişləri qarşılığında uzun illərdir avtomobilləri təhvil verməməsi səbəbindən etiraz aksiyası keçiriblər.

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Məhkəmə binası qarşısına toplaşan narazı qəzvinlilər əyalət valiliyi binasına qədər yürüş edib, şüarlar səsləndiriblər.

Qəzvin əyalətinin valiliyi binasının qarşısına toplaşan narazı azərbaycanlılar hakimiyyəti minlərlə vətəndaşın pulunu mənimsəyən şirkəti dəstəkləməkdə günahlandırıblar.

Qeyd edək ki, adı çəkilən avtomobil şirkəti minlərlə qəzvinlinin pulunu alsa da, illərdir onların avtomobillərini təhvil verməkdən imtina edir.

Bundan əvvəl bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri,  nə də pulları qaytarılır. 

visiontv.az