Qərbi Azərbaycanın yurd yerləri... Vedibasarın Qaralar kəndi...
Qərbi Azərbaycanın yurd yerləri... Vedibasarın Qaralar kəndi...
03.03.2023 MEDİA Tərəfindən

Qaralar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi rayonunun aran hissəsində, Ağrıdaə vadisində kənd. Rayon mərkəzindən 7 km məsafədə, Vedi çayının qolu olan Böyük çayın üstündə, Bakı-İrəvan dəmiryol xəttinin kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilib.

1920-ci ilə qədər kənddə ancaq Azərbaycan tühkləri yaşamışlar. Kənddə 1873-cü ildə 443 nəfər, 1886-cı ildə 387 nəfər, 1897-ci ildə 570 nəfər, 1904-cü ildə 252 nəfər, 1914-cü ildə 256 nəfər, 1916-cı ildə 546 nəfər azərbaycanlı yaşayıb. Lakin «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə bu faktlar təhrif edilərək 1873-1916-cı illərdə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir.

1918-20-ci illərdə bütün vedibasarlılar kimi, Qaralar kəndinin igidləri də Abbasqulu bəy Şadlinskinin başçılığı ilə "Mübariz dəstə"də erməni daşnaklarına qarşı döyüşüblər. 1920-ci ildə Vedinin süqutundan sonra qaralarlılar da Arazı keçərək Cənubi Azərbaycana mühacirət etmişlər. 1920-ci ilin sonlarında Abbasqulu bəy Şadlinskinin başçılığı ilə Naxçıvana gələrək "Qırmızı tabor"un tərkibində erməni daşnaklarına qarşı vuruşub, Şərur, Vedibasar, Gərnibasar, Dərələyəz və s. mahalların daşnaklardan təmizlənməsində fəal iştirak ediblər.

1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin mühacirətdə olan azərbaycanlı əhalisi geri qayıdıb. Lakin bu illərdə kənddə İranın Bacaqulis vilayətindən (indi Ostan), Türkiyənin Van, Şatax və Bayazed vilayətlərindən ermənilər də köçürülüb. Daha sonra, 1940-50-ci illərdə isə indiki Ermənistanın Qaranlıq (Martuni) və Qarakilsə (Sisyan) rayonlarından, 1946-cı ildə İran və Livandan yenidən ermənilər köçürülərək Qaralar kəndində yerləşdirilib.

Kənddə 1922-ci ildə 241 nəfər azərbaycanlı, 273 nəfər erməni, 1926-cı ildə 280 nəfər azərbaycanlı, 252 nəfər erməni, 1931-ci ildə 297 nəfər azərbaycanlı, 292 nəfər erməni, 1939-cu ildə ümumilikdə 780, 1955-cı ildə 1181, 1970-ci ildə 1794, 1979-cu ildə 1942 nəfər əhali yaşayıb. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən deportasiya olunub. İndi burada yalnız ermənilər yaşayır.  Toponim türk mənşəli qaralar etnonimi əsasında əmələ gəlib. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

1978-ci ildə kəndin adı dəyişdirilib Aralez qoyulub.

Bünyamin Bünyadzadə

Visiontv.az