Gunaz TV-nin məlumatına görə, İranda qadınlara qarşı təhlükəsizlik təzyiqləri və geniş məhdudiyyətlər davam etdiyi bir vaxtda, ölkədə yeni təbliğat kampaniyasının başladığı bildirilir. Bu kampaniyada çəhrayı rəng, qadın simvolları və ictimai nümayişlərdən istifadə edilərək, hakimiyyətin repressiv mahiyyətinə daha yumşaq görüntü verməyə çalışıldığı qeyd olunur.
The Times qəzetinin hesabatına görə, son həftələrdə İranda qadınların, qadın simvollarının və qeyri-hərbi elementlərin hərbi texnika və hökumət şüarları ilə yanaşı nümayiş etdirildiyi bir sıra tədbirlər keçirilib.
Bu tədbirlərdən biri Tehrandakı tarixi Ferdovs bağında baş tutub. Yüzlərlə insanın bayram ab-havasında toplandığı tədbirdə Hizbullah tərəfdarı livanlı müğənni Julia Boutrosun böyük görüntüləri ekranlarda nümayiş etdirilib. Tədbirdə hicablı və hicabsız qadınların yanaşı dayanaraq İran bayrağı tutduğu görüntülər yayılıb. Müşahidəçilər bunun İranın hicab siyasəti ilə açıq ziddiyyət təşkil etdiyini bildirirlər.
Hesabatda qeyd olunur ki, son aylarda hakimiyyətə yaxın media qurumları çəhrayı rəngli yolsuzluq avtomobilləri idarə edən qadınların, motosiklet sürən qadınların, hətta çəhrayı rəngə boyanmış raket və silahların görüntülərini yayıb. Kütləvi toy mərasimləri və hicabsız qadınların iştirak etdiyi televiziya proqramları da bu media layihəsinin bir hissəsi kimi təqdim olunur.
Hakimiyyət parlaq rənglər və qadın simvolları vasitəsilə İrandakı zorakılıq və repressiya reallığını gizlətməyə çalışır. Halbuki təhlükəsizlik qüvvələrinin, yoxlama məntəqələrinin və zirehli texnikaların küçələrdə varlığı davam edir.
visiontv.az