Putin inauqurasiya mərasimində Avropa və ABŞ-ə mesaj göndərdi
09.05.2024

Vladimir Putin beşinci dəfə prezident kimi and içdi. Andiçmə mərasimi Böyük Kreml Sarayında baş tutub. 2600 qonağın iştirak etdiyi andiçmə mərasimi Rusiyanın dövlət bayrağı, Rusiya prezidentinin ştandartının və ölkə konstitusiyasının Böyük Kreml Sarayının Georgiyevsk, Aleksandrovski zallarından keçirilərək andiçmə mərasiminin keçiriləcəyi Andreyevski zalına gətirilməsi ilə başladı.

Mərasimdə Avropa ölkələri və ABŞ səfirləri istisna olmaqla əksər ölkələrin Rusiyadakı diplomatik nümayəndələri iştirak etdilər. Avropa ölkələri və ABŞ öz diplomatik korpusun rəhbərlərinə mərasimdə iştirak etməmək barədə göstəriş vermişdi. Ağ Evin sözçüsü Karine Jan-Pyer mediaya bildirib ki, ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşlarına Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməmək tapşırılıb. Sitat: “ABŞ səfirliyinə andiçmə mərasimində iştirak etməməyi tapşırıb. Bildiyiniz kimi, bu addım Rusiyanın Ukraynaya təcavüzünə etiraz əlaməti olaraq atılıb”. Sitatın sonu.  
Rusiya prezidenti andiçmə mərasimində çıxışı zamanı Avropa və ABŞ-nin ünvanına üstüörtülü mesajlar verməyi də unutmadı. Putin çıxışı zamanı bildirdi ki, Rusiyanın taleyini bugünkü və gələcək nəsillər naminə özümüz və yalnız özümüz müəyyən edəcəyik. Sitat: "Mənim üçün Rusiya xalqlarının maraqları və təhlükəsizliyi hər şeydən üstün olacaq. Siz, Rusiya vətəndaşları, Rusiya Federasiyasının kursunun düzgünlüyünü təsdiqlədiniz. Biz vahid və böyük xalqıq və birlikdə bütün maneələri dəf edəcəyik, planlaşdırdığımız hər şeyi həyata keçirəcəyik." Sitatın sonu. Rusiya dövlət başçısı qeyd edib ki, ölkəsi Qərb dövlətləri ilə dialoqdan imtina etmir, lakin seçim onlarındır. Sitat: "Biz dialoqdan imtina etmirik, seçim onlarındır, söhbət mümkündür, amma güc, təkəbbür və şəxsi istisnalıq mövqeyindən deyil. Mürəkkəb dünyada biz özümüzü təmin etməliyik və rəqabət aparmalıyıq. Gələcək onilliklər ərzində Rusiyanın inkişafında etibarlı davamlılığı təmin etmək lazımdır. Biz daxili iğtişaşların və təlatümlərin faciəvi qiymətini xatırlamalıyıq, buna görə də Rusiya Federasiyasının siyasi sistemi sabit olmalıdır. Biz Rusiyanın qüdrətini gücləndirəcək nəsillər yetişdirməli və tərbiyə etməliyik. Sabitlik sərtlik demək deyil ki, bizim sistem çevik olmalıdır". Rusiya prezidenti Putin inauqurasiya nitqini “birlikdə qalib gələcəyik” sözləri ilə yekunlaşdırıb.

Aytən Əliyev

visiontv.az