Paşinyanın qulağına pıçıldayırlar ki, vaxtı uzat, sənə daha yaxşı şərtlər qazandıraq
Paşinyanın qulağına pıçıldayırlar ki, vaxtı uzat, sənə daha yaxşı şərtlər qazandıraq
20.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

2-ci Qarabağ müharibəsi bitəndə qalib Bakı dünyanın gözləmədiyi bir addım ataraq Ermənistana sülh təklif etdi. Sadə və konkret iki şərtlə ki, konstitusiyadan Azərbaycana ərazi iddiası çıxarılacaq və Zəngəzur dəhlizi açılacaq. Bakı üçün bu iki şərt olmadan imzalanan sülh mənasız kağız parçası hesab olunur. Bu məntiqi Vaşinqton da başa düşdü.

Ona görə Ağ Evdə, Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və baş Nikol Paşinyan görüşərək Bakının şərtlərini qəbul etdilər. Və bundan sonra Paşinyan bəyan etdi ki, Konstitusiyanı dəyişirəm və proses 2027-ci ildə bitəcək. O cümlədən TRIPP-Zəngəzur dəhlizinin Amerika formatında açılışı ilə bağlı da ABŞ və Ermənistan müqavilə imzaladı. Amma aradan illər keçbi, Paşinyan isə irəli addım atmaq əvəzinə geriyə gedir. Bu günlərdə İrəvandan gələn açıqlama Bakıda haqlı qəzəb yaratdı. Paşinyan dedi ki, Konstitusiya dəyişikliyi və referendum 2031-ci ilə qalır. Yəni Vaşinqtondan sonra verdiyi 2027-ci ilə sözündən 4 il də o tərəfə. Bəs Paşinyan vaxtı niyə uzadır, nə dəyişib ki. Əslində heç nə dəyişməyib, Paşinyan taktika dəyişir. O sadəcə vaxt udmağa çalışır. Özünü Avropa tərəfdarı kimi göstərən baş nazir, son günlər sülhə və TRIPP-ə ən çox qarşı çıxan iki ölkə ilə Rusiya və İranla sıx təmaslara başlayıb. Və bu təsadüf deyil. TRIPP layihəsi Rusiyanın Qafqazda nəqliyyat monopoliyasını bitirir, İranın sərhəd kabusunu isə puça çıxarır. Ona görə həm Moskva, həm Tehran bu dəhlizə ölüm-dirim məsələsi kimi baxır. Paşinyan da onların qucağına qaçır. Mesaj isə aydındır. Sülhü uzat, dəhlizi tikmə. Bəs ABŞ amili nəzərə alınmır. Ən maraqlı hissə buradır. Paşinyan Vaşinqtonda öhdəliyi Tramp administrasiyasının qarşısında götürüb. İndi isə gözünü Amerikada keçiriləcək ara seçkilərə və 2 ildən sonra keçiriləcək prezident seçkilərinə dikib. Hesabı belədir ki, demokratlar gəlsə, vəziyyət dəyişəcək. Erməni lobbisinin ənənəvi dayağı olan demokratlar, İrəvana "bir az döz, biz gəlirik" deyir. Bayden dövründəki kimi, Paşinyanın qulağına pıçıldayırlar ki, vaxtı uzat, sənə daha yaxşı şərtlər qazandıraq. Görünmür ki, Paşinyan da bu pıçıltıya inanır.  Düşünür ki, Tramp getsə, Vaşinqtonda verdiyi sözləri unutdurmaq olacaq. Amma bu, çox təhlükəli oyundur. Çünki Azərbaycan üçün Konstitusiya məsələsi danışıq mövzusu deyil, sülhün ön şərtidir. Ərazi iddiası olan ölkə ilə sülh müqaviləsi imzalamaq olmaz. Bu, öz əlinlə sabahki müharibəyə imza atmaqdır. Bakı bunu 2031- ci ilə qədər gözləməyəcək. O cümlədən  TRIPP tək Azərbaycan-Ermənistan layihəsi deyil, bu artıq ABŞ-nin layihəsidir. Amerika bu layihəyə pul, ad, siyasi kapital qoyub. Paşinyan TRIPP-i sabotaj etməklə Trampı yox, Vaşinqtonu aldadır. Və nəhayət Paşinyan unudur ki, 2020-ci ildə qalib gələn ordu yerindədir. Və vaxt uzatmaqla sülhü yox, növbəti məğlubiyyəti yaxınlaşdırır. Vaşinqton görüşü Paşinyana şans vermişdi, qaliblə razılaşıb ölkəsini xilas etmək şansı. O isə bu şansı 2031-ə qədər girov saxlamaq istəyir. Amma tarix göstərir, Cənubi Qafqazda vaxtı uzadan həmişə uduzur. Paşinyan ya 2027-ci ildə Konstitusiyanı dəyişib sülhə imza atacaq, ya da 2031-də o Konstitusiya ilə birlikdə özü tarixə gedəcək.

Şöhrət El-Dəniz

visiontv.az