Paşinyan bu dəfə “Azərbaycan 31 kəndimizi geri qaytarsın” kimi absurd iddia səsləndirməyib
Paşinyan bu dəfə “Azərbaycan 31 kəndimizi geri qaytarsın” kimi absurd iddia səsləndirməyib
13.03.2024 Elxan Şahinoğlu Tərəfindən

Ermənistanın baş naziri Nikol Paşinyan son mətbuat konfransında Azərbaycanın tələb etdiyi kəndlərlə bağlı bir-birinə zidd açıqlamalar verib. Bir açıqlamasında Ermənistan ərazisində Azərbaycanın tələb etdiyi kəndlərin mövcud olmadığını, digər açıqlamasında isə etirafa bənzər cümlə işlədib ki, bir sıra kommunikasiya xətlərinin yerini dəyişmək lazımdır.

Bu o deməkdir ki, həmin kommunikasiya xətləri bizim tələb etdiyimiz kəndlərə yaxın ərazirlərdən keçir ki, Nikol Paşinyan onların yerinin dəyişdirilməsi zərurətini bildirib. Paşinyan bu dəfə “Azərbaycan da 31 kəndimizi geri qaytarsın” kimi absurd iddia səsləndirməyib. Çünki bu nağıla Ermənistanın özündə də inanmırlar. Paşinyan “31 kənd” məsələsini Azərbaycan kəndlərini geri qaytarmamaq üçün ortaya atmışdı.

Nikol Paşinyan Azərbaycanda 4 kəndlə bağlı qərar verildiyinin fərqindədir. Həmin kəndlər ya danışıqlar yolu ilə qaytarılmalıdır, ya da danışıqlar nəticə verməsə və məsələ uzanmağa doğru getsə ordumuz ermənilərin yaşamadığı həmin kəndlərə daxil olacaq. Başqa alternativ yoxdur. Erməni cəmiyyətini Rusiya hərbçilərinin İrəvandakı “Zvartnots” hava limanını boşaldacağına və ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyinə hazırlayan Paşinyan 4 kəndin Azərbaycanın nəzarətinə keçəcəyinə də hazırlamağa başlasa özü və ölkəsi üçün faydalı olar.

Elxan Şahinoğlu

visiontv.az