Növbəti hərbi toqquşma erməni xalqı üçün fəlakət ssenarisinin davam etməsi demək olacaq
24.02.2024

K.Stanislavski deyirmiş ki “əgər səhnədə divardan tüfəng asılıbsa, tamaşanın sonuna qədər hökmən ondan atəş açılmalıdır”.

Əslində geosiyasi ziddiyyətlərin qlobal savaş səviyyəsinə yüksəldiyi dünya özü də bir səhnədir. Təəssüflər olsun ki, biz bu səhnədə gül, ətir, sağlam həyat tərzi komponentləri, peyzajdan daha çox kütləvi qırğın silahları, beşinci nəsil müharibə texnologiyaları, kosmik savaş hazırlıqları və saysız ədalətsizlik görürük. Bu mənada ölçüləri regional miqyasa uyğun olsa da 2020-ci ildə bitən, 2023-cü ildə isə yekunlaşdırıcı addımların atıldığı Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasının sülh müqaviləsi ilə legitimləşdirilməsinə qarşı Qərbdə açılan cəbhə silahlı toqquşmalar üçün təhlükəli zəmin hazırlayır. 30 ilə yaxın müddətdə Azərbaycanın təqribən 15 min kv. km ərazisindəki bütün infrastrukturu, az qala həyat üçün zəruri olan hər şeyi məhv edən, 20 mindən çox azərbaycanlını qətlə yetirən Ermənistanı beynəlxalq hüququn normalarına əməl etməyə çağırmayan, ona qarşı sanksiya tətbiq etməyən qlobal aktorlar, xüsusi ilə də Qərb indi Azərbaycanın Ermənistan üzərindəki əzici üstünlüyünün azaldılması, Paşinyan hökumətinin ölkəsinin siyasi oxunu yeni istiqamətə daşıya bilməsi üçün ümidini müharibənin üçüncü raunduna bağlayıb.
Xüsusi ilə Fransa və Hindistanın Ermənistana siyasi dəstəyi və onu sürətlə silahlandırması güman ki, öz nəticəsini diplomatik meydanda yox, sahədə - iki dövlətin sərhəddində göstərəcək. Müstəqilliyin bərpası dövründə və xüsusi ilə son 3 il ərazində baş verənlərdən yetərli dərs çıxarmayan Ermənistanın Fransanın təhriki ilə hazırki revanşist və təxribatçı siyasəti də iflasa uğrayacaq. Cənubi Qafqazda dayanıqlı sülhün yaranmasını öz maraqları üçün təhdid hesab edən geosiyasi güclərin zəif instrumenti rolunda həvəslə çıxış edən Ermənistanın qarşıdakı mümkün hərbi toqquşmada növbəti və sarsıdıcı zərbə alacağı qaçılmazdır. İkinci Qarabağ müharibəsindən sonra quru qoşunları, hərbi hava qüvvələri və hava hücumundan müdafiə qüvvələrinin modernləşdirilməsi və müasir texnika ilə təchizatı üçün məqsədyönlü və effektiv siyasət həyata keçirən Azərbaycan rəsmi İrəvanın təxribatçı addımlarına həm masada, həm də sahədə layiqli cavab verəcək. Dövlət başçımızın dili ilə desək
"ikinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”.
Azərbaycan Respublikasının eksklavlarını işğaldan azad etməyən və sürətlə silahlanmaqla ərazi bütövlüyümüzə qarşı geri çəkmədiyi 
hüquqi iddialarını gerçəkləşdirmək niyyəti aydın oxunan Ermənistanın taleyi hazırda qaranlıq görünür. Çünki mümkün növbəti hərbi toqquşma erməni xalqı üçün fəlakət ssenarisinin davam etməsi demək olacaq. Paşinyanın "France 24”ə son müsahibəsində önə çıxan və sülh prosesinə zərbə vuran tezislər Ermənistanın haqqında danışdığımız ssenariyə doğru irəlilədiyini göstərir. 12 fevralda bir əsgərimizin yaralanmasının qarşılığında dörd düşmən əsgərinin məhv edilməsini isə şərti olaraq real qüvvələr nisbəti kimi də qəbul edə bilərik.

Siyasi şərhçi Elməddin Behbud

Visiontv.az