Bir neçə dil bilirsinizsə, yəqin ki, səsinizin hər dildə bir az fərqli eşidildiyini hiss etmisiniz. Mənim üçün bu çox aydındır: İngiliscə danışanda tonum daha yüksək olur, fransızcada daha yumşaq və ölçülü, ispancada isə daha canlı və sürətli çıxır. Elə bil hər dil, şəxsiyyətimin fərqli bir tərəfini üzə çıxarır. Dilçilər deyirlər ki, bu, sadəcə təsəvvür deyil. Bədənimiz, beynimiz və şəxsiyyətimiz hər bir dilin bizdən "oynamamızı" istədiyi rola uyğunlaşır. Braziliyadakı Paraná Federal Texnologiya Universitetindən professor Ana Paula Petriu Ferreira Engelbert bunu belə izah edir: "Bu bir növ aktyorluğa bənzəyir. Danışdığımız cəmiyyətin xüsusiyyətlərini mənimsəyirik və həmin dildə özümüzün başqa bir versiyasını yaradırıq. Hələ də bizik, amma tam olaraq eyni insan deyilik."
Engelbert doktorluq araşdırması çərçivəsində səsimizin dillər arasında niyə dəyişdiyini və bu fərqin real, yoxsa sadəcə necə qavramamızla olduğunu araşdırıb.
Onun sözlərinə görə, müxtəlif dillərin fərqli mədəni "səs mənzərələri" var:
"Məsələn, almanca daha çox səs tellərinin arxa hissəsində formalaşan səslərdən istifadə edir, buna görə dil bir qədər sərt səslənir. Fransızca isə ön tərəfdə çıxarılan, dodaqları yuvarlaqlaşdıran saitlərlə danışılır. Bu səbəbdən fransızlar danışarkən o məşhur "dodaq büzmə" hərəkətini edirlər."
Səsimizin necə çıxması və başqalarının bizi necə eşitməsi bioloji, mədəni və kontekst üçlüsündən asılıdır.
Səs, səs tellərində əmələ gəlir, boğaz, dil, dodaq və ağız vasitəsilə formalaşır, güclənir və sonda nitqə çevrilir.
San Paulo Federal Universitetindən danışıq terapevti və professor Renata Azevedo bunu belə izah edir:
"Bütün bu proses mərkəzi sinir sistemi tərəfindən idarə olunur və duyğulardan təsirlənir. Həyəcanlı, narahat və ya kədərli olduğumuzda səsimiz dəyişir."
Bunun üzərinə təhsil, yaşadığımız region və mədəniyyətin təsirləri də əlavə olunur.
"Hər dilin özünəməxsus səsləri var. Məsələn, ingiliscədə portuqal dilində olmayan bəzi səs vahidləri var, bunun əksi də doğrudur."
Bundan başqa, prozodiya – yəni ritm, tonlama və intonasiya da dillər arasında fərqlənir.
Azevedo deyir ki, italyanların iştirak etdiyi bir axşam yeməyində səs səviyyəsi, yaponlarınkından xeyli yüksək olur.
"Hətta eyni mədəniyyət daxilində belə, fərdi xüsusiyyətlər rol oynayır. Nə qədər sürətli danışdığımız, səsimizi nə qədər qaldırdığımız, jestlərdən istifadə edib-etməməyimiz – bunların hamısı təsir göstərir."
Engelbertin fikrincə, səsimiz həmçinin daxil olduğumuz mühit və mədəni kimlik tərəfindən formalaşır.
"Yad dildə danışdığımız zaman, bu adətən müəyyən bir kontekstdə baş verir və bu da səsimizi dəyişdirir," – deyə Engelbert əlavə edir.
"Məsələn, mən ingiliscəni əsasən iş məqsədilə danışıram. Bu səbəbdən ailəmlə söhbət edərkən istifadə etmədiyim bəzi səs xüsusiyyətlərini burada işlədirəm. Məqsəd, mühit və sosial rol — bunların hamısı necə danışdığımızı müəyyən edir."
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Engelbert ABŞ-da yaşayan braziliyalıların portuqal və ingilis dillərində danışdıqları nitqləri həm mətn oxuyarkən, həm də sərbəst söhbət zamanı yazıya alıb.
Fərqlər çox aydın idi. Portuqalca danışarkən iştirakçılar, xüsusilə qadınlar, səslərini yumşaldır, daha yüngül və axıcı danışırdılar. İngiliscəyə keçdikdə isə səs tonları bir qədər alçalır, daha qərarlı və ciddi səslənirdi. Bəzi qadınlarda cümlə sonlarında uzanan, demək olar ki, pıçıltını xatırladan bir "səs" yaranmışdı. Bu, Amerika İngiliscəsində tez-tez eşidilən bir xüsusiyyətdir.
Sonra Engelbert bu səsyazmaları iki dilli dinləyicilərə dinlətdi. Dinləyicilər fərqləri açıq şəkildə hiss etdilər: səsləri daha yüksək, daha dərin, daha yumşaq və ya daha sərt kimi xarakterizə etdilər. Hətta danışanlara "həyəcanlı", "çəkingən", "özünəinamlı" və ya "özünə inamsız" kimi şəxsiyyət xüsusiyyətləri də aid etdilər.
Engelbertin fikrincə, bu nəticələr səs fərqlərinin yalnız subyektiv təəssürat olmadığını sübut edir. Bu fərqlər ölçülə bilən, aydın şəkildə fərq edilən və mədəni mənalar daşıyan dəyişikliklərdir. Məsələn, iki dilli braziliyalı iştirakçılar ingiliscə danışarkən, amerikalıların danışığına xas olan daha dərin, güclü və iddialı səs xüsusiyyətlərini fərqinə varmadan mənimsəyə bilirlər.
Bununla belə, Engelbert bildirir ki, bu sahə hələ az araşdırılıb və insanların ikinci dildə ritm, tonlama və ifadə formalarını necə qəbul etdikləri ilə bağlı hələ çoxlu cavabsız suallar mövcuddur.
Bir neçə dillə böyüyən insanlar belə, dillər arasında kiçik səs fərqləri göstərirlər.
Lakin Engelbertə görə "iki dillilik" anlayışı dəyişkəndir:
"Məsələn, 1990-cı illərdə aparılmış tədqiqatlar göstərmişdi ki, katalanca-ispanca iki dilli şəxslər dillər arasında çox az səs fərqi göstərirlər; amma hər zaman bir "üstün dil" olur. Bu da insanın özünü ən rahat hiss etdiyi dildir."
İkinci dili yeniyetməlikdə və ya yetkinlik dövründə öyrənənlərdə bu fərqlər adətən daha qabarıq olur — xüsusilə də öyrənmənin ilk mərhələlərində.
"Bir dili öyrənməyə yeni başlayanda səsin daha çox uyğunlaşma göstərir; ritm, ton və intonasiyan dəyişir. Danışıq axıcılığı və rahatlıq artdıqca bu fərqlər azalır", Azevedo belə izah edir.
O, həmçinin bildirir ki, kontekst də mühümdür:
"Bir dildə nə qədər çox ünsiyyətdə olsanız, uyğunlaşma bir o qədər təbii olur və həmin dildəki "özünüzün başqa versiyası" daha inamlı və axıcı şəkildə ortaya çıxır."
Bir dili öyrənmək, sadəcə sözləri və qaydaları əzbərləmək demək deyil.
Həqiqi söhbətlərdə iştirak etmək, o dilin daşıyıcılarını dinləmək, mədəniyyətlə musiqi, film və ədəbiyyat vasitəsilə təmasda olmaq — bunlar danışığın axıcılığını artırır və səs fərqlərini azaldır.
"Bir mədəniyyətə nə qədər çox daxil olsaq, o dilin ritmini və səsini bir o qədər təbii mənimsəyirik," Azevedo deyir.
Onun fikrincə, bu uyğunlaşma danışıqla, ədəbiyyatla, mətbəxlə və ya musiqi ilə də mümkündür.
Azevedo həmçinin danışıqda incə detalları fərq etməyin vacibliyini vurğulayır:
"Ritm və ifadə baxımından çoxsaylı nüanslar var ki, bunlar rəsmi dil dərslərində öyrədilmir, amma səlis və anlaşıqlı görünməyimizə böyük təsir göstərir."
Ləhcələrə gəlincə...
Ləhcələr heç vaxt tamamilə yox olmur — və bu tamamilə normaldır.
"Ləhcəni yumşaltmaq mümkündür, amma o, sizin kimliyinizin bir hissəsidir. Keçmişinizin və şəxsi hekayənizin bir əksidir", Azevedo izah edir.
Giulia Granchi, Braziliya
visiontv.az