Münaqişə yalnız İran rejimi süqut etdikdə və ya zəiflədikdə bitəcək
29.07.2026

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 26-da Fox News telekanalına verdiyi müsahibədə bildirib ki, İran rejimi ilə davam edən münaqişə yalnız bu rejim süqut etdikdə və ya nüvə proqramını dayandıracaq, eləcə də siyasətini dəyişəcək qədər zəiflədikdə başa çatacaq. O vurğulayıb ki, İran rejimi istər razılaşma yolu ilə, istərsə də razılaşma olmadan nüvə proqramına son qoymalıdır.

Netanyahu bildirib ki, İran rejimi nüvə silahına malik olmadan da dünyada iqtisadi sabitliyi pozub, minlərlə İran vətəndaşının ölümünə səbəb olub, həmçinin raket və pilotsuz uçuş aparatları ilə Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və İordaniyanı hədəfə alıb. O əlavə edib: “Təsəvvür edin ki, bu rejim nüvə silahına sahib olsaydı, nə edərdi.”

İsrailin Baş naziri ABŞ Prezidenti Donald Trampın İran rejimi ilə razılaşmaya nail olmaq istiqamətində göstərdiyi səyləri dəstəklədiyini bildirib. Netanyahu qeyd edib ki, əgər bu məqsədə genişmiqyaslı hərbi qarşıdurmaya qayıtmadan nail olunarsa, bunu müsbət qarşılayacaq. Bununla belə, o vurğulayıb ki, istənilən halda İran rejiminin nüvə proqramı tamamilə dayandırılmalıdır.

Netanyahu müsahibəsində həmçinin xəbərdarlıq edib ki, əgər İran rejimi birbaşa və ya dəstəklədiyi silahlı qruplar vasitəsilə ballistik raketlər, pilotsuz uçuş aparatları və kamikadze dronlarla İsrailə hücum edərsə, “çox böyük səhvə yol vermiş olacaq.” Onun sözlərinə görə, İsrailin cavabı “çox qətiyyətli və çox dağıdıcı” olacaq. Baş nazir əlavə edib ki, Tehran nə İsraili, nə də region ölkələrini təhdid etmək imkanını qoruyub saxlamamalıdır.

visiontv.az