Müharibənin görünməyən qəhrəmanları-polkovnik-leytenant İbrahim Rüstəmli
17.06.2021

(Hərbi həkimlərimizə ithaf olunur) Mən əslində Allahın ağxalatlı elçilərinə – hərbi həkimlərimizə həyatda qalmasının tək səbəbi kimi baxan və ölənədək onların “əl izini” ömrünün ən mükəmməl, ən maraqlı tablosu kimi öz canında daşıyan adamlardan danışıram. Bu adamlar o tabloların son mənzilədək uzanan mənasını sonralar bəzən heç vaxt yada düşməyən, ya da gözə görünməyən müəlliflərinin izni, imzası və xeyir-duası ilə yaşayır. Amma yada düşsə də, düşməsə də, gözə görünsə də, görünməsə də, bu bəyaz libaslı “rəssamların ” hər biri yaşam səbəbinə çevrildiyi insanlardan ötrü yeni bir rəngli həyatın, yeni bir rəngli dünyanın başlanğıc nöqtəsinə çevrilir. Axı öz səngərində düşmənlə üz-üzə, göz-gözə döyüşən və yaralanan hər bir əsgər sonradan hərbi həkimlərimizin səngərində növbəti bir savaşa atılır, onlarla çiyin-çiyinə verib yeni bir düşmənlə – ölümlə döyüşür…

Mən bir dəfə həkimin xərəkdə asta-asta huşunu itirən yaralı əsgəri necə qeyri-adi doğmalıqla sillələdiyini öz gözlərimlə görmüşdüm və onun uzun müddət qulaqlarımdan çəkilməyən həyacanlı səsini eşidəndə özümü əsl döyüş meydanında hiss etmişdim…
Havanı qılınc kimi kəsib doğrayan, səmanın boz-bulanıq simasına atdığı qanlı çapıqları ilə qorxunc bir  melodiya yaradan drijor çubuğu! Və bu melodiyanın hər bir hecasını o vaxtadək heç kimin görmədiyi, eşitmədiyi bir tərzdə tarixin not dəftərinə köçürən ansanbl! Fərqli silahların fərqli harmoniyası! Mərmilərin sərt və kobud vurğusu! Güllələrin gözə görünməyən xaotik və iddialı rəqsi! Yaralıların qeybdən gələn major səsi! Və dərhal öz “silah-sursatı” ilə bu ansanblın sıralarına qatılan, yaralıların asta-asta öləziyən hüznlü səsini batmağa qoymayan hərbi həkimlərimizin ilahi nidası: “Ey dostum! Təslim olma! Yaşamaq istəyirsənsə gözlərini aç! Mənə güvən! Həyatını mənə etibar et!..”

O həkimin xərəkdə huşunu itirən yaralı əsgəri necə qeyri-adi bir doğmalıqla sillələdiyini görəndə və onun həyacanlı səsini eşidəndə başa düşdüm ki, burada hər şey əsl döyüş meydanında olduğu kimidi. Burada yaralı hərbçi ilə silahdaşı arasındakı dialoq da əslində iki sinədə döyünən bir ürəyin müəllifliyi – hərbi həkimlərimizin diqtəsi ilə yazılır!..

Visiontv.az