Moldova parlamenti 'Rus Evi'nin bağlanmasını birinci oxunuşda dəstəkləyib
15.11.2025

Moldova parlamenti noyabrın 13-də səs çoxluğu ilə Rusiya ilə 1998-ci ildə imzalanmış sazişin ləğvini, Kişinyovdakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin (Rus Evi) bağlanmasını birinci oxunuşda təsdiqləyib. Avropayönlü hakimiyyət bu qurumu dağıdıcı fəaliyyətdə, dövlət təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edir.

Parlamentdə debatlar bir neçə saat gərgin şəraitdə keçib. Hakim sağ-mərkəzçi "Hərəkət və həmrəylik" (PAS) partiyasından 54, "Evdə Demokratiya" fraksiyasından altı deputat sazişin denonsasiyasını dəstəkləyib. Kommunistlər, sosialistlər, "Alternativ" bloku və "Bizim partiya" qərarın əleyhinə səs veriblər. Bu, ümumilikdə 35 səs deməkdir.

Sənədin ikinci oxunuşu üzrə səsvermə 10 gün sonra keçiriləcək.

Sazişin ləğvi ilə bağlı təklifi parlamentin plenar iclasında mədəniyyət naziri Kristian Jardan təqdim edib. O deyib ki, "Rus Evi" Moldovada rus mədəniyyətini deyil, təbliğatın təşviqi üçün vasitə kimi istifadə olunur. Nazirə görə, hökumət dezinformasiya fəaliyyətinin, Rusiyanın Ukraynadakı təcavüzünün əsaslandırılmasının açıq elementlərini aşkarlayıb.

Parlamentdə sosialistlər fraksiyasının lideri İqor Dodon layihənin gündəlikdən çıxarılmasına çağırıb. Onun sözlərinə görə, hökumət aydın arqumentlər təqdim etməyib, "sazişin denonsasiyası əksər vətəndaşların maraqlarına ziddir". Dodonun fraksiyadakı həmkarı, vitse-spiker Vlad Batrınça isə Rusiya ilə sazişin mümkün denonsasiyasını "faydasız və təhlükəli layihə" adlandırıb, insanları barrikadalara çıxara biləcəyini deyib.

Kişinyovda "Rus Evi" 2009-cu ildə açılıb. Sazişin denonsasiyası ikinci oxunuşda qəbul olunsa və prezident Maya Sandu bunu elan etsə, mərkəz 2026-cı ilin iyulunda fəaliyyətini dayandırmalıdır.

Moldovadakı Rusiya səfirliyi Kişinyovun "Rus Evi"ni bağlamaq qərarını "səhv və səmərəsiz" adlandırıb.

Rusiyanın "Rossotrudniçestvo" federal agentliyinin təmsilçisi olan "Rus Evi" Bakıda bu ilin əvvəlində, Moskva ilə siyasi gərginlik fonunda bağlanıb. Rəsmi Bakı bunu təmsilçiliyin hüquqi qeydiyyatının olmaması ilə izah edib. Apreldə isə "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov deyirdi ki, Moskva ilə Bakı "Rus Evi" ilə bağlı kompromis axtarırlar, onun qeydiyyat formatı müzakirə olunur.

visiontv.az