Misir pramidalarının necə tikildiyi indiyə qədər bir çox tədqiqatçıların beynini qurcalayan əsas suallardan olub. Böyük sal daşların daşınması və yerinə oturdulması sualın bir hissəsidir. Digər hissəsi isə onların necə kəsilib bir-birinə uyğunlaşdırılmasıdır. Fikrimcə, tədqiqatçıların uzun əsrlər boyu cavabını axtardığı sualın bu hissəsi Naxçıvanın Ordubad rayonunun Xaraba Gilan adlanan ərazisində gizlidir.
Xaraba Gilanı gəzərkən diqqətimi bir epizod cəlb etdi. Bu ərazilərdə yəqin ki, sellərin, zəlzələlərin dağlardan qoparıq ətəklərinə tökdüyü daşlar sanki xüsusi aparatlarla, daş mişarlarla kəsilmiş ölçülərdədir. İstənilən adibəni tikmək üçün təbiətin xüsusi ustalıqla “kəsdiyi” bu daşları yerdən götürüb inşa etdiyin tikilinin üzərinə qoymaq və onu palçıqla möhkəmlətmək kifayətdir. Yəqin ki, Misir pramidaları da təbiətin insanlara hədiyyə etdiyi inşaya hazır daşlarla ərsəyə gətirilib.
Xaraba Gilanın tədqiqatına ömrünün 50 ilini həsr etmiş görkəmli arxeoloq alim Bəhlul İbrahimli də mənim bu müşahidəmlə razılaşdı. Naxçıvanda məskunlaşmanın sirrinin də məhz bu sirrdə yatdığını vurğuladı. Bəhlul müəllimin fikrincə, təbiətin insanlarımıza bəxş etdiyi “tikinti materialları” sayəsində qədim Naxçıvan əhalisi rahatlıqla bu torpaqlarda məskunlaşa bilib. Xüsusilə Xaraba Gilanda məskunlaşmanın səbəbi hər tərəfinin bu cür sal daşların bolluğu ilə bağlı imiş. Doğrudan da Bəhlul müəllimin fikriylə razılaşmamaq mümkün deyil. Həqiqətən də Xaraba Gilan ərazisində yerli əhalinin bəlkə də minillik hazır tikinti materialları var.
İlanlı dağda qarşılaşdığım çaylaq daşları da Naxçıvan əhalisinin tikintilərində istifadə etdiyi tikinti materialları kimi faydalı olub. Mən şəxsən bir çox qohumumun evlərinin inşasında iştirak etmiş şəxs kimi bunun canlı şahidiyəm.
Bəhlul müəllim mənə Əmir Teymurun oğlu Miran şahin qəribə xasiyyətindən də danışdı. Sən demə, Miran şah qabağına çıxan bütün abidələri dağıtmaqla məşğul imiş.
Görkəmli tədqiqatçının bildirdiyinə görə, Xaraba Gilanda memar Əcəminin tikdiyi xeyli abidələr də var imiş. Təəssüf ki, onların demək olar ki, hamısı Miran şahın ordusu tərəfindən darmadağın edilib. Deməli, Xaraba Gilanın tarixi Elxanilərdən daha qədim dövrlərə qədər gedib çıxır. Zamanım az olduğundan memar Əcəminin bu abidələrini ziyarət edə bilmədim. İnşallah, gələn səfərlərdə mütləq bu abidələrin qalıntılarını çəkib sizlərlə paylaşacağam.
Hələlik isə Misir ehramlarının sirri ilə tanış olaq.
Heydər Oğuz. Naxçıvan
visiontv.az