Milli internet resursların əhəmiyyəti
Milli internet resursların əhəmiyyəti
27.11.2019 Elvin ABBASOV Tərəfindən

Azərbaycanda milli internet resurslarına maraq yaratmaq məqsədi ilə 2015-ci ildən bəri mətbuata açıqlamalar verən iş adamı Elvin Abbasov Visiontv.az-ın suallarını cavablandırıb.

Bu istiqamətdə dövlətin müvafiq qurumları və İKT şirkətləri ilə birgə çalışmalı olduqlarını söyləyən Abbasov deyib: “Dünyada ən böyük maliyyə mənbəyinə çevrilən internet gəlirləri, xüsusilə də sosial şəbəkələr üzərindən axan milyonlar bizi bu istiqamətə diqqətləri cəlb etməyə vadar edir. Ölkəmizdən hər ay milyonlarla pulun xaricə axması ciddi narahatlıq yaratmaqdadır. Milli sərmayənin bu yolla ölkədən çıxması, vətəndaş olaraq bizdə məsuliyyət hissini daha da alovlandırdı. Təkcə milli sosial şəbəkə olaraq deyil, milli resurslara dövlət qayğısının göstərilməsini də arzulayırıq. Çünki yaşadığımız dövr `internet çağı` adlanır. Hər ölkənin özünəməxsus milli resursları var. Biz sərmayənin milliləşməsi üçün milli resurslar yaratmalıyıq.”

Abbasov əlavə edib: “Bildiyiniz kimi, internet istifadəsi ölkə daxilində nə qədər çox olarsa, internet qiymətləri də eyni nisbətdə ucuzlaşar. Bu isə vətəndaşların büdcəsinə fayda gətirəcəkdir. Yəni milli resurslardan həm vətəndaşlar, həm də dövlətimiz qazanc əldə edəcəkdir. Bu istiqamətdə milli brendlər yaratmalı, mütəxəssis formalaşdırmalıyıq. Yerli mütəxəssislərin yaratdıqları məhsulların milli brend halına gəlməsi və onların qlobal səviyyədə tanıdılması ölkə adına həm prestij, həm də üstünlük gətirəcəkdir. Facebook və digər sosial şəbəkələrə reklam məqsədi ilə milyonlarca vəsait xərclənir. İstər sərmayənin milliləşməsi yolunda, istərsə də milli resursların həm brend halına gəlməsi, həm də qiymətlərə təsiri baxımından düşünsək, hər bir Azərbaycan vətəndaşının şüurlu olaraq milli resursları istifadə etməsinin ölkə adına yararlı olacağını anlarıq. Buraya təhlükəsizlik, gizlilik, milli əxlaqi dəyərlərin qorunması və s. kimi sahələri də əlavə etmək mümkündür. Geniş perspektivdən baxdığımızda bizim hər birimiz fərd olaraq milli resursların istifadəsini təbliğ etməliyik. Bu mənada Almaniyanın, ölkəsindən qazandığı gəlirin vergisini ödəmədiyi üçün facebooku məhkəməyə verməsi, Rusiyanın öz sosial şəbəkələrini yaratması və ya Çinin digər ölkələrə məxsus şəbəkələrə qapılarını bağlaması iqtisadi və milli təhlükəsizlik maraqlarının qorunmasına istiqamətlənmiş addımlardır. Bunun üçün də yerli internet resuslarının inkişafı və milli sərmayənin ölkə daxilindəki fəaliyyətinin tənzimlənməsi bu günümüz və gələcəyimiz adına həyati bir məsələdir.”