Mask Altmana uduzdu
21.05.2026

Şimali Kaliforniya Federal Dairə Məhkəməsinin andlılar heyəti milyarder İlon Maskın "OpenAI" rəhbərliyinə və şirkətin baş direktoru Sem Altmana qarşı iddiasını rədd edib.

Andlılar yekdilliklə qərara gəliblər ki, Mask iddianı qanunla müəyyən edilmiş müddət bitdikdən sonra qaldırıb. Hökm üç həftə davam edən gərgin məhkəmə prosesindən sonra çıxarılıb. Proses zamanı şirkətin daxili sənədləri araşdırılıb və tərəflərin ifadələri dinlənilib. Hakim andlılar heyətinin qənaəti ilə razılaşaraq işi bağlamağa hazır olduğunu bildirib. Məlumatı CNN telekanalı yayıb.

Mask iddia edirdi ki, o, "OpenAI"ı qeyri-kommersiya tədqiqat layihəsi kimi dəstəkləmək üçün təxminən 38 milyon dollar vəsait yatırıb. Onun versiyasına görə, Altman və şirkətin prezidenti Qreq Brokman ilkin razılaşmaları pozaraq təşkilatı "Microsoft" ilə sıx əlaqəli kommersiya biznesinə çeviriblər.

Şikayət ərizəsində deyilirdi ki, "OpenAI" 2015-ci ildə pul qazanmaq üçün yox, sadəcə "bəşəriyyətin xeyrinə" süni intellekt yaratmaq məqsədilə qeyri-kommersiya təşkilatı kimi qurulub.

Mask Altmanın və Brokmanın şirkət rəhbərliyindən uzaqlaşdırılmasını, kommersiya bölməsinin fəaliyyətinin dayandırılmasını və təşkilatın yenidən qeyri-kommersiya statusuna qaytarılmasını tələb edirdi. O, dəymiş zərərin məbləğini 130-150 milyard dollar həcmində qiymətləndirirdi. Bu vəsaitin şəxsən özünə yox, "OpenAI Foundation"ın qeyri-kommersiya bölməsinə köçürülməsi istənilirdi.

2026-cı ilin aprelində Mask daha ağır ittihamların bir hissəsindən — dələduzluq və qəsdən yanlış məlumat vermə maddələrindən imtina etmişdi. Bununla da iddiada iki əsas məsələ qalmışdı: xeyriyyə etimadının pozulması və əsassız varlanma.

Altman və "OpenAI" rəhbərliyi isə ittihamları rədd ediblər. Şirkət bəyan edib ki, kommersiya modelinə keçid məsələsi hələ Maskın rəhbərlikdə olduğu dövrdə də müzakirə edilib. Bu addım ümumi təyinatlı süni intellektin (AGI) hazırlanmasındakı yüksək xərclər səbəbindən zərurətə çevrilib.

Altman məhkəmədə bildirib ki, Mask vaxtilə "OpenAI" üzərində tam nəzarəti ələ keçirməyə çalışıb və şirkət səhmlərinin 90 faizini tələb edib.

visiontv.az