Manyakların savaşı və 60 milyon qurban
Manyakların savaşı və 60 milyon qurban
09.05.2022 Bəybala Mirzəyev Tərəfindən

9 Mayı qələbə günü günü kimi yox, xilas günü, xatırlatma günü, gələcək nəsillərə ismarıc günü, anım günü kimi qeyd etmək zənnimcə, daha düzgün olardı.

60 milyon dünya sakininin, o cümlədən 300 mindən çox azərbaycanlının həyatına son qoymuş, eyni zamanda milyonlarla insanın cismani və mənəvi-psixoloji şikəstliyinə səbəb olmuş bir müharibənin bitməsini axı necə bayram etmək olar? Həmin milyonlarla insanların faciəsi qələbəni qeyd etməyə yox, düşünməyə səsləyir.

Mən şəxsən bu müharibəyə görə yalnız Hitleri deyil, onunla bərabər Stalini də lənətləyirəm. Eyni zamanda Hitlerin get-gedə quduzlaşmasına, alman qoşunlarının Avstriyaya, Çexoslovakiyaya, Polşaya soxulmasına göz yuman, beləliklə Hitleri daha da şirnikləndirən dövrün liderlərini - Çemberleni (İngiltərənin keçmiş baş naziri) və Dalladyeni (Fransanın rəhbəri) də şiddətlə qınayıram.

60 milyondan çox insanın faciəsində bu adamların, bu liderlərin hər birinin mühüm rolu olub.  Onların ucbatından bəşəriyyət iki böyük bəla ilə - sosializm (kommunizm) və faşizm (nasizm) ilə üzləşib.

Bu iki totalitar ideologiya bütün dünyanı İkinci Dünya müharibəsinə sürükləyib. Millətlər Liqası (indiki BMT-nin sələfi) və Avropa liderləri dövrün iki manyakını, iki psixopatını - Hitler və Stalini dayandırmağı bacarmayıblar. Necə ki, hazırda Putini dayandırmağı hələ ki bacarmırlar.

Nəticədə İkinci Dünya müharibəsi baş verib. İndi də Üçüncü Dünya müharibəsi təhlükəsi ilə üz-üzəyik. Bu isə o deməkdir ki, biz (yəni ki, Yer kürəsinin sıravi sakinləri və liderləri) ötən 77 il ərzində hələ də ağıllanmamışıq.

Ağıllansaydıq indi Putlerin ucbatından və Qərb liderlərinin səhlənkarlığının nəticəsində Üçüncü Dünya müharibəsi, nüvə silahından istifadə hədələri ilə üzləşməzdik.

Bu gün Rusiya 9 May - Qələbə gününü qeyd edir, rus qoşunları isə Ukraynanın şəhər və kəndlərini bombalayır, insanlarını qırır...
Bu nonsensdir.

P.S.

Üçüncü Dünya müharibəsi təhlükəsinin bir addımlığında dayanan bəşəriyyətin bu gün İkinci Dünya müharibəsinin bitməsini bayram kimi qeyd etməyə haqqı yoxdur...

Bu da əsl nonsensdir.

P.P.S.

Hitler və Stalin kimi manyakların ucbatından İkinci Dünya müharibəsində babam və böyük əmim həlak olub.

Bəybala Mirzəyev

Visiontv.az