İsveçrə, Fransa və Almaniya bloknotum: Pendirlər, banklar və saatlar ölkəsi
04.12.2024

Alp dağlarının əsrarəngiz tilsimi ilə baş-başayıq…

İsveçrənin əzəmətli qarlı zirvələr vahimə saçacaq dərəcədə yaxında idilər. Burada təbiətin qüdrəti insan iradəsini açıq-aşkar ram edir. Elə canlı və güclüdür ki, bəndəsini özünə tabe etmək onun üçün heç nədir. Həm də bu gözəllik önündə əriyib, matı-mutu qurumuş mənim kimi birini...

“Paraselsin dünyaya gəldiyi torpaqlardasan”, – arxamdan yoldaşımın səsi gəlir. Mutluluqdan pambıq kimi bəyaz zirvələrə “uçuram”, ancaq ayağımın altındakı Alp düzənlikləri, yaşıl örtüyün xallı qayalıqları arasından boylanan fidanlar məni reallığa qaytarır. 500 il əvvəl onun da tənəffüs etdiyi Alpların soyuq havasını tənəffüs edirəm acgözlüklə…

***

Günü bu gün elm tarixçiləri bu eksentrik adamın şarlatanmı yoxsa dahimi olduğu haqda mübahisə edirlər. Kimi onu əyyaş və qadın düşməni, kimi də səsrsəri və cadugər kimi qələmə verir. Ancaq onun dövrünün ən böyük alimi olmasında hər kəs həmfikirdir. Parasels tarixə bütün dövrlərin ən dahi alimlərindən biri, görkəmli farmakoloq, homeopatiyanın yaradıcısı kimi düşüb yazır.

Həqiqi adı Filip fon Hohenheym (1493-1541) olan bu iddialı gənc təvazödən o qədər uzaq idi ki, özünü eramızdan əvvəl yaşamış böyük təbib və alim Sels Avl Kornelius (lat. Celsus Aulus Cornelius) ilə müqayisə edirdi. “Parasels” adını da bu səbəbdən götürmüşdü. “Para” yunan dilində “bənzər” anlamına gəldiyindən Parasels “Selsə Bənzər” anlamına gəlir.

Selsə “bənzər” gənc həkim 24 yaşında təbabəti öyrənmək üçün dünya səyahətinə çıxır. Avropada getmədiyi ölkə qalmır, müharibələrdə iştirak edir, hərbi cərrah kimi təcrübə qazanır. Bu ölkələrdə qaraçılar, ara həkimləri, cadugər və cəlladlarla görüşür, müxtəlif türkəçarə müalicə üsullarını toplayır. “Qadın xəstəlikləri”, “Böyük Cərrahiiyə” kimi 9 fundamental elmi əsər yazır.

“Hər şey zəhərdir və hər şey də dərmandır” deyən Parasels kimyanı farmokologiyaya ilk gətirən alimdir. Paraselsə qədər dərmanlar ancaq təbii ot və bitkilərdən hazırlanırdı. Kimyanı dərman hazırlamağa tətbiq etməklə isveçrəli alim sadəcə farmakologiyanın deyil, ümumilikdə tibbin axarına yeni yön verdi.

Parasels 1527-ci ildə Bazel universiteti qarşısında Hippokrat, Qalen və İbn Sinanın kitablarını yandıraraq tibbin inkişaf yolunu da dəyişdirdi. O, elmə İntibah dövrünün ən böyük islahatçısı kimi daxil olub, öz fəlsəfə və tibb məktəblərini yaradıb. Bu insan təmənnasız olaraq xəstələrə, şikəstlərə kömək edir, daim xəstəliklərin səbəblərini axtarır və yeni dərmanlar tapmağa çalışır, vəbadan xilas yolları axtarırdı…

Parasels mənim sevdiyim Qaliley, Eyler, Nyuton, Koh, Heyzenberq, Eynşteyn kimi dahilər siyahısındadır. Lakin Paraselsə olan vurğunluğumun bir başqa səbəbi də məftunu olduğum Xorxe Luis Borxesin “Paraselsin qızıl gülü” hekayəsidir. Bu hekayə bir ədəbiyyat meditasiyasıdır, oxumaqdan doya bilmədəyim bir şah əsərdir (Bu haqda “Avstriya gündəliyim”-də ətraflı yazmışam)…

***

Alp dağlarının qənşərində dayanıb Paraselsin doğulduğu torpaqlara heyranlıqla baxmamaq mümkün deyil. Dərin bir kədər verən qibtə, həsəd də var içimdə. “Nə üçün bizim torpaqlardan Paraselslər çıxmayıblar, nə üçün bəşəriyyətin inkişaf yollarına təsir edəcək qədər güçlü mütəfəkkirlər doğulmayıblar bizim ellərdə?”, – sual verirəm yüksək səslə.

“Carpe Diem”, – yol yoldaşım deyir. – “Zamanın, günün dadını çıxart, gəlib Paraselsinin köyünü də gördün. Sualının cavabını isə sənə bir neçə dəfə demişəm”. İndi bu zirvədə onun məsələyə fərqli baxışı haqda düşünmək istəmirəm…

Günortadan keçməyə başlayırdı. Hava qış aylarında tez qaralır buralarda. Əzəmətli qarlı zirvələr vahimə saçırdılar. Alp dağlarının kölgələri aram-aram inzivaya çəkilirdilər, qarın bəyaz rəngi bərraqlağını itirirdi. Birdən döşdəki kölgələr qaranlıq oldular.

Maşına oturduq, kontakt düyməsinə basmadan bu gözəlliyi dostlarımla paylaşım dedim. Bir şəkil seçib FB-a qoydum. Əziz dostum Rahib Azəri anında bir şərh yazdı: “Pendirlər, banklar və saatlar ölkəsinə xoş gəlibsən”…

(davamı var)

3-cü yazı

İbrahim Nəbioğlu

visiontv.az