Azərbaycan Milli Xalça Muzeyində rəssam Nigar Əliyevanın "Xatirələr qanadında İrəvan" adlı çox möhtəşəm fərdi sərgisi sənətsevərlərə qiymətli bir ərmağan oldu, bu gözəl bayramlarımız ərəfəsində. Bildirim ki, bu sərgi sıradan bir rəssamlıq nümayişi deyil, Azərbaycanın qədim İrəvan mədəniyyətinə, bütövlükdə Qərbi Azərbaycanın zəngin irsinə sənət dili ilə qaytarılan mənəvi borcun və tamamilə yeni yaradıcılıq yanaşmasının təzahürüdür.
Nigar Əliyevanın yaratdığı əsərləri müşahidə edərkən ilk diqqətimi çəkən məqam rəssamın "mədəniyyət arxeologiyası" ilə məşğul olmasıdır. O, muzey eksponatlarını — qədim mis qabları, mürəkkəb naxışlı xalçaları, milli geyim detallarını və bədii bəzək əşyalarını sadəcə kətana köçürmür; o, bu əşyaların içində gizlənmiş İrəvan ruhunu dirildir. Rəssamın tanınmış tədqiqatçı Vəsilə Əkbərova ilə birlikdə apardığı iki illik araşdırma prosesi hər bir fırça zərbəsinə elmi dəqiqlik və tarixi məsuliyyət qazandırıb.
Məlumdur ki, İrəvan mədəniyyəti öz zərifliyi, aristokratik ruhu və zəngin mətbəx ənənələri ilə seçilir. Kompozisiyalar — "İrəvan kətəsi", "Evin bərəkəti", "Xanım-Xatun" kimi əsərlər tamaşaçını İrəvan xanlığının o bənzərsiz atmosferinə daxil edir. Xüsusilə süfrə mədəniyyətinin, meyvələrin və milli təamların təqdimatındakı rəng palitrası — tünd qırmızı, firuzəyi və qızılı tonlar — birbaşa İrəvan saray memarlığının və daxili interyerinin rəng harmoniyasını xatırladır.
Rəssamın yaradıcılıq metodunda yağlı boya texnikası xüsusi bir məna kəsb edir. Nigar xanım kətan üzərində sadəcə təsvir yaratmır, o, yağlı boyanın imkanlarından istifadə edərək relyef effekti qurur. Biz əsərlərə baxarkən metalın soyuqluğunu, meyvələrin şirəsini və parçanın toxumasını sanki hiss edirik. Bu "hiper-realistik" yanaşma tarixin o maddi dünyasını bugünkü tamaşaçı üçün toxunulacaq qədər yaxın edir.
Mən indi görürəm ki, Nigar xanım bu yeni yanaşması ilə həm də yeni bir yol qurub yaratmaqdadır. Və mən tam əminəm ki, bu yoldan gələcəkdə digər rəssamlarımız da sevə-sevə keçəcəklər. Nigar xanım yaratdığı o möhtəşəm əsərlərlə İrəvan mədəniyyətinə, bütövlükdə Qərbi Azərbaycanın zəngin mədəni irsinə özünəməxsus tərzdə tamamilə yeni yanaşma ortalığa qoyub. Bu, mənim böyük sevinclə şahidlik etdiyim möhtəşəm bir yolun başlanğıcıdır.
70-dən çox əsərin nümayiş olunduğu bu sərgi Azərbaycan Milli Xalça Muzeyi, İncəsənət Muzeyi və Tarix Muzeyinin eksponatları əsasında qurulmuş bir vizual ensiklopediyadır. Nigar Əliyeva sübut etdi ki, fırça bəzən ən dəqiq arxiv sənədindən daha güclü danışa bilir. "Xatirələr qanadında İrəvan" yalnız bir sərgi deyil, İrəvan mədəniyyətinin gələcəyə ötürülən estetik vəsiqəsidir.
Bir daha bu sərgi münasibətilə Nigar xanımı ürəkdən təbrik edir, ona davamlı yaradıcılıq uğurları arzulayır, eyni zamanda bu gözəl sənət bayramını bizə yaşadan Milli Xalça Muzeyimizə təşəkkürlərimi bildirirəm.
İsgəndər Sərdarlı İrəvani.Araşdırmaçı, tətbiqi sənət ustası.
visiontv.az