İranın hücumları və Bab əl-Məndəb təhdidləri beynəlxalq cavab tələb edir
23.07.2026

İranın Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinə qarşı hücumları və husilərin Bab əl-Məndəb boğazını bağlamaq təhdidləri təcili şəkildə məsuliyyət tədbirləri və beynəlxalq ictimaiyyətin qəti mövqeyini tələb edir.

Bunu KƏŞ baş katibi Casim Məhəmməd Əl-Budeyvi bildirib.

Onun sözlərinə görə, bu, beynəlxalq hüquqa hörmətin, dəniz naviqasiyası azadlığının və enerji infrastrukturunun qorunmasının təmin olunması üçün vacibdir.

Əl-Budeyvi çərşənbə günü Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli açıq iclasında çıxışı zamanı bildirib ki, İran fevralın 28-dən etibarən KƏŞ ölkələrinə və digər dövlətlərə qarşı ballistik raket və pilotsuz uçuş aparatları ilə hücumlarını davam etdirib. O, bu addımları beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirib.

Baş katib həmçinin İranı Hörmüz boğazında kommersiya gəmilərinə hücumlar, dəniz minalarının yerləşdirilməsi, məcburi gəmi marşrutları tətbiq etmək cəhdləri və boğazı bağlamaqla bağlı təkrarlanan hədələr vasitəsilə dəniz naviqasiyası azadlığını təhlükə altına almaqda ittiham edib.

visiontv.az