Martanın Kasandrası
23.07.2026

“Ya müharibədə qəzet müxbiri olacaqdın, ya da yatağımda qadınım”, – Ernest Heminquey bu sözlərlə bitirmişdi üçüncü evliliyini. Çünki qadını jurnalistikanı seçmişdi. Beş illik evlilikləri sürəkli ezamiyyətlər, sosial fəaliyyətlər üzündən sarsılmış və Hemi yalnızlığa sövq etmişdi.

Keçən əsrin ən tanınmış savaş müxbiri, gözəllər gözəli Marta Gellhorn (1908–1998) doxsan illik ömrünün altmışını qəzetçiliyə həsr etmişdi. Floridada, bir barda görmüşdü onu ilk dəfə Heminquey. İmzasını isə daha əvvəldən, yazdığı qısa reportajlarından tanımış, onun sadə və yalın cümlələrinə heyran qalmışdı. Tanışlıqlarından qısa müddət sonra – 1937-də İspaniyada vətəndaş müharibəsi başlayır. Heminquey həyat yoldaşı, fransız “Vogue” jurnalının yazarı Polin Pfayferi atıb Marta ilə İspaniyaya gedir.

Hər ikisi Amerika qəzetlərinə İspaniyadakı vətəndaş müharibəsindən məqalə və oçerklər yazırlar. Mətbuat tarixi Martanın məşhur sevgilisindən daha maraqlı materiallar yazdığını deyir.

Ernest və Marta 1940-da evlənir, birlikdə Finlandiya, İndoneziya və Çinə gedir, özlərini peşəkar savaş müxbirləri kimi isbatlayırlar. Heminquey ona dünya şöhrəti gətirən “Əcəl zəngi” (1940) romanını Martaya ithaf edir. Amma Hem arvadının qəzetçilik uğurlarını sürəkli qısqanır.

O illərdə qadın savaş müxbirləri yox dərəcəsində azdır. Doroti Tomson (“New York Evening Post” qəzetinin Berlin bürosunun şefi), Siqrid Şults (“Chicago Tribune” qəzetinin Berlin bürosunun şefi) və Marta Gellhorn ən populyar qadın qəzetçilərdir. Bu qadınlar uzun yazılar yazmaz, yazdıqlarında dərin analizlər olmazdı. Onlar sadə bir dillə müharibədən, faşizmin dəhşətlərindən yazırdılar. Bu qadınlar erkəklər dünyasında “qadın” olaraq qalmağı bacarmış, son dərəcə cəsur və ürəkli qadınlar idilər.

Martanın ulduzu parladıqca Heminquey onu daha çox qısqanır, işindən uzaqlaşdırıb yanından ayırmamaq istəyir. Gellhorn “Kassandra Federasiyası” adlı dərnək qurunca Hemlə münasibəti daha da çıxmaza girir. 1945-də beş il sürən evlilikləri sona çatır. Heminquey başqa bir sarışınla – “The London Daily Express” qəzetinin amerikalı müxbiri Meri Uelşlə evlənir. Marta isə həyatını jurnalistika və Kassandra dərnəyinə həsr edir.

Kassandra (yun. Cassandra) qədim yunan mifologiyasında sonuncu Troya çarı Priamosun qızıdır. Homerə görə, Kassandra gözəlliyi ilə göz qamaşdırırmış. Günəş tanrısı Apollon ona aşiq olur, amma sevgisinə qarşılıq almır. Kassandra Apollonun sevgisinə cavab verməsi üçün ona gələcəyi görmə qabiliyyətinin verilməsi şərtini qoyur. Apollon onun şərtini yerinə yetirir, lakin Kassandra sözünü tutmur. Qəzəblənən Apollon öpmə adı ilə Kassandranın “ağzının içinə tüpürür” və “Bundan sonra gələcəyi görəcəksən, amma heç kim sənə inanmayacaq” deyərək onu lənətləyir.

Həqiqətən də, Kassandra gələcəyi görməyə başlayır, amma kimsə onun kəhanətlərinə inanmır. O, Troya savaşının fəlakətlə bitəcəyini öncədən görür, lakin başda atası olmaqla hamı onun sözlərini qulaqardı edir.

Kassandra mifini bu gün də müxtəlif olaylarda görür və yaşayırıq. Çox vaxt “Axırı yaxşı olmayacaq” dediyimiz bir çox hadisə əvvəlcədən təxmin edilir, amma onu ya görmür, ya da görməzlikdən gəlirlər, yəni Kassandra sindromu baş verir. Təhlükə və fəlakətləri öncədən görənlər iş-işdən keçəndə “Bunları söyləmişdik axı” deyərək Kassandra kimi saçlarını yolaraq üsyan edirlər.

Siqrid Şults Hitlerin ən nifrət etdiyi məşhur qəzetçi idi. 1927-ci ildə Hitlerlə tanışlığından başlayaraq alman faşizminin yaranması, İkinci Dünya müharibəsinə aparacaq mərhələləri, yəhudi düşmənçiliyi və irqçi siyasəti haqda yüzlərlə məqalə qələmə almışdı. Yeddi dildə ana dili kimi danışan bu son dərəcə göstərişli qadın həm bohem həyatı yaşayır, həm də yazdıqları ilə bir kahin kimi dünyaya xəbərdarlıq edirdi: faşizm insanlığa fəlakət gətirəcək. Amma Siqridi də Kassandra kimi eşitmədilər...

Marta Gellhorn 1959-cu ildə “Savaşın üzü” (“The Face of War”) adlı məşhur kitabını nəşr etdirir. Kitaba İspaniyadakı vətəndaş, İkinci Dünya, Vyetnam və Ərəb-İsrail müharibələri zamanı hazırladığı reportajları, oçerkləri və xatirələrini daxil edir. Bu materiallar qədər müəllifin kitaba yazdığı giriş sözü də mətbuat tarixi və jurnalistika üçün olduqca qiymətlidir. Belə yazır əfsanə qadın:

“Mən Kassandra Federasiyası adlandırdığımız qadın qəzetçilər qrupunun üzvü idim. Bizlər türlü fəlakətlərdə birlikdə olurduq. İllər boyu alman faşizminin necə gəlməkdə olduğunu, vəhşətini və nə qədər böyük bir təhdid olduğunu izah etməyə çalışdıq. Nəticədə təxminimiz gerçək oldu. Biz isə qələmlərimizi istifadə etmək yerinə xərəklərdəki insanları xilas etməyə çalışdıq. Bir tək insanı belə yaşatmaq qəzetçilik deyildi, amma bizə təsəlli olurdu. Yazdığımız bütün sözcüklər sanki görünməz mürəkkəblə yarpaqların üzərinə yazılmış kimi küləkdə sovrulub uçurdular”.

Bu gün düşündüyümüzdə zəfər və məğlubiyyətin keçici, müvəqqəti anlar olduğunu görürük. Nəticə yox idi, sadəcə vasitələr var idi. Qəzetçilik bir vasitədir və onu namuslu bir şəkildə istifadə etmək dəyərlidir. Ciddi, diqqətli, dürüst qəzetçilik işıq saçan bir mayak olduğu üçün deyil, yazanı və oxuyanı ləyaqətli insan yaptığı üçün dəyərlidir, önəmlidir...”

“Elə bilməyin ki, terror aktında ancaq tanımadığınız insanlar öləcək”.

Bu sözlərin vahiməsi, dəhşəti istanbulluların damarında axan qanını dondurur. Son günlər böyük bir gərginlik var hamıda, hər an hər şey ola bilər. Evə dönüb-dönməyəcəyin məlum deyil. “Reina” gecə klubundakı qətliamdan sonra hər kəs terrorun isti nəfəsini ənsəsində hiss etməyə başlayıb. Lev Trotskinin “Savaş sizi maraqlandırmaya bilər, amma siz savaş üçün maraqlısınız” sözləri düşür yadıma. “Savaş” kəlməsini asanlıqla “terror” kəlməsi ilə əvəz edə bilərik. Bu gün bizim ölkəmiz də görülməmiş bir təhlükə ilə üz-üzədir: “Biz terroristlər, fundamentalistlər, cahillər ordusu üçün maraqlıyıq. Onlar cənnətə düşəcəklər deyə bizə cəhənnəm həyatı yaşatmağa and içiblər”.

Marta Gellhorn “İnsanlar həqiqətdən daha çox yalana inanmağa meyillidirlər. Bir yalanla üsyana, başqa bir yalanla isə itaətə hazırdırlar” yazmışdı bir məqaləsində. Zəmanəmizin insanları da belədirlər. Bəlkə, bir gün Apollon gəlib Kassandranın lənətini geri alacaq. Və insanlar, hakimiyyətlər haqq səsinə, doğrulara inanıb faciələrin qarşısını alacaqlar. Amma bütün ümidlərimizi Günəş tanrısına bağlamışıqsa, o zaman vay bizim halımıza...

Əgər qurbağanı qaynayan suya atsaq, o, ani bir sıçrayışla oradan çıxacaq. Tədricən isidilən suya atılan qurbağa isə yavaş-yavaş bişərək ölür...

İbrahim Nəbioğlu

visiontv.az