İran münaqişəsi uzansa, enerji şoku yarana bilər
20.04.2026

Avropa İttifaqı (Aİ) üzv dövlətlərini xəbərdar edib ki, İranla münaqişənin uzanması qlobal enerji bazarlarında davamlı şoka səbəb ola, bu da yanacaq istehlakının azalmasına gətirib çıxara bilər. Bu haqda diplomatlar "Reuters"ə danışıb.

Avropa Komissiyası Aİ ölkələrinin səfirləri ilə keçirilən qapalı iclasda iki ssenari təqdim edib:

1. Atəşkəs qüvvədə qalarsa və Hörmüz boğazı yenidən açılsa, neft və qaz axınları bir neçə ay ərzində bərpa olunar və qiymətlər sabitləşər. Ancaq Qətərdə infrastrukturun zədələnməsi səbəbindən mayeləşdirilmiş təbii qaz bazarlarında gərginliyin illərlə qalacağı ehtimal olunur.

2. Pozuntular davam edərsə, bazarlarda kəskin qiymət artımları baş verər, "tələbin məhvi" adlanan vəziyyət yarana bilər. Bu zaman yüksək qiymətlər istehlakçıları və sənayeni yanacaqdan istifadəni azaltmağa məcbur edir.

Avropa həmçinin qışöncəsi qaz anbarlarını doldurmaqda ciddi çətinliklə üzləşər, bir neçə həftə ərzində təyyarə yanacağı çatışmazlığı yarana bilər.

Aİ indiyədək təchizat çatışmazlığından yayına bilib, amma qiymət artımı artıq iqtisadiyyata təsir göstərməyə başlayıb.

"Reuters" bildirir ki, Komissiya bu təsirlərin yumşaldılması, mədən yanacaqlarından asılılığın azaldılması və gələcək şoklara davamlılığın artırılması üçün tədbirlər hazırlayır. Bu tədbirlərə elektrik enerjisi vergilərinin azaldılması və təmiz enerjiyə keçidin sürətləndirilməsi daxildir.

visiontv.az