İran infilyasiyanı yox, infilyasiya statistikasını idarə etməyə çalışır
04.08.2026

Bir ay davam edən bank sistemi iflici İran Mərkəzi Bankına inflyasiyanın demək olar ki, iki dəfə azaldığını iddia etməyə imkan verdi. Halbuki qiymətlər ötən illə müqayisədə 84 faiz yüksəkdir və ərzaq məhsullarının bahalaşması davam edirdi.

İyulun sonlarında İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti infilyasiya üzərində qələbə qazandıqlarını elan edib. Onun sözlərinə görə, aylıq inflyasiya cəmi bir ay ərzində iyunun 21-də başa çatan ay üzrə 7,4 faizdən iyulun 22-də başa çatan ay üzrə 3,6 faizə enib. O bunu bankın "ixtiyarında olan tədbirlər və alətlər" sayəsində mümkün olduğunu bildirsə də, həmin alətlərin nə olduğunu açıqlamayıb.

Mərkəzi Bankın öz hesabatına görə isə qiymətlər hazırda ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 84 faiz yüksəkdir. Hətta "qələbə" kimi təqdim olunan 3,6 faizlik aylıq inflyasiya belə sevindirici hesab edilə bilməz. Çünki bu temp 12 ay davam edərsə, illik inflyasiya 50 faizdən yuxarı olacaq. Lakin açıqlamada qeyd olunmayan əsas məqam ondan ibarət idi ki, həmin statistik dövr ərzində iranlılar demək olar ki, bank xidmətlərindən istifadə edə bilməyiblər.

İyunun 13-də dörd iri dövlət bankında elektron xidmətlər sıradan çıxıb. Bu bankların infrastrukturunu idarə edən dövlətə bağlı şirkət hadisəni kiberhücumla əlaqələndirib və ehtiyat sistemlərini təhlükəsizlik məqsədilə söndürdüyünü açıqlayıb. Problemin aradan qaldırılacağı ilə bağlı verilən vədlər isə dəfələrlə təxirə salınıb.

İyunun 23-də daha səkkiz bankda ikinci nasazlıq dalğası baş verib. POS terminalları işləməyib, mobil bank tətbiqləri açılmayıb. Gündəlik ödənişlərin əsasən bank kartları ilə həyata keçirildiyi İranda milyonlarla insan həftələrlə öz pullarına çıxış əldə edə bilməyib.

Bu dövr ərzində ölkədə baş verən başqa hadisələr də iqtisadi fəallığı zəiflədib. İyulun əvvəlində Əli Xameneinin dəfn mərasimləri ilə əlaqədar ölkədə fəaliyyət təxminən bir həftə məhdudlaşdırılıb. İyulun ikinci həftəsində ABŞ ilə qarşıdurma yenidən başlayıb və İran limanlarına qarşı dəniz blokadası bərpa olunub.

Ayın son həftəsində isə həddindən artıq istilər və enerji sistemindəki problemlər səbəbindən bir sıra əyalətlərdə dövlət idarələri və banklar fəaliyyətini dayandırıb.

Normal şəraitdə inflyasiyanın yarıya enməsi uzun müddət davam edən sərt pul siyasəti tələb edir. Lakin İranda belə bir siyasət həyata keçirilməyib. Əmanət faizləri yalnız iyulun sonlarında artırılıb, pul kütləsi sürətlə artmaqda davam edib və büdcə intizamının gücləndirildiyinə dair heç bir əlamət olmayıb.

Əgər Mərkəzi Bankın əlində inflyasiyanı bir ay ərzində ciddi şəkildə azaltmağa imkan verən təsirli vasitə olsaydı, o zaman son beş ildə orta illik inflyasiya 40 faizdən yuxarı olduğu halda bu vasitədən niyə istifadə etmədiyini də izah etməli idi.

visiontv.az