Aqşin Yenisey Təbrizi, orada yaşayan milyonlarla azərbaycanlını alçalda bilməz
Aqşin Yenisey Təbrizi, orada yaşayan milyonlarla azərbaycanlını alçalda bilməz
04.08.2026 Elbəyi Həsənli Tərəfindən

Aqşin Yeniseyin ateist olması da, dindar olması da mənim üçün maraqlı deyil. Bu, onun şəxsi seçimidir və buna hörmət etmək lazımdır.

Amma başqa məsələ var.

Sən Səfəvilərin siyasi irsini tənqid edə bilərsən.

İran İslam Respublikasının ideologiyasını tənqid edə bilərsən.

Şiəliyin siyasi alətə çevrilməsini tənqid edə bilərsən.

Bunların hamısı fikir azadlığının mövzusudur.

Amma sən bu tənqidi apararkən Təbrizi, orada yaşayan milyonlarla azərbaycanlını alçalda bilməzsən.

Yazında belə bir fikir işlədirsən: “Mən Təbrizdə kirli olmayan bircə qənd tapa bilmədim.”

Sonra da bundan belə nəticə çıxarırsan ki, guya Təbrizin köhnəpərəstliyi qəndi də çirkləndirib.

Bağışla, amma bu artıq ədəbi müşahidə yox, bütöv bir şəhəri və milyonlarla insanı aşağılayan ümumiləşdirmədir.

Təbriz sıradan bir şəhər deyil.

Təbriz Azərbaycan tarixinin, mədəniyyətinin və milli yaddaşının ən müqəddəs şəhərlərindən biridir.

Azərbaycan ədəbiyyatında Təbriz mövzusu həmişə xüsusi yer tutub.

Süleyman Rüstəmdən başlayaraq onlarla şair və yazıçımız Təbrizi həsrət, sevgi, milli birlik və azadlıq rəmzi kimi tərənnüm edib.

Bu xalq üçün Təbriz təkcə bir şəhər deyil.

Bu xalqın ruhudur.

Bu xalqın yaddaşıdır.

Bu xalqın ürəyidir.

Yüz minlərlə azərbaycanlı Quzeydən Güneyə, Güneydən Quzeyə gedib-gəlib.

Qohum olub.

Dost olub.

Ailə qurub.

Biz bir millətin övladlarıyıq.

Araz bizi coğrafi baxımdan ayırıb.

Amma nə dilimizi ayıra bilib, nə tariximizi, nə də sevgimizi.

Bu gün də Quzey Azərbaycanda milyonlarla insanın ən böyük arzularından biri Güney Azərbaycanın azad və firavan olmasıdır.

İnanıram ki, Güneydə yaşayan soydaşlarımızın da ürəyində Quzey Azərbaycana eyni sevgi var.

Belə bir xalqın müqəddəs şəhərini bir qənd üzərindən məsxərəyə qoymaq yazıçı məsuliyyəti deyil.

Yazıçının işi millətin yarasını qanatmaq deyil.

Yazıçının işi millətin yarasını sağaltmaqdır.

Yazıçının işi insanları bir-birinə nifrət etdirmək deyil.

Onları bir amal ətrafında birləşdirməkdir.

Yazıçının əsas mövzusu Təbrizin qəndinin çirkli olması olmamalıdır.

Allahın varlığı və ya yoxluğu min illərdir müzakirə olunur.

Min il sonra da müzakirə olunacaq.

Amma azadlıq, hüquq, demokratiya və insan ləyaqəti bugünkü problemlərdir.

Mənə görə yazıçı da ilk növbədə məhz bu problemlərdən danışmalıdır.

Sonda isə bir cümlə demək istəyirəm.

Milləti parçalamaq çox asandır. Milləti birləşdirmək isə böyük istedad, böyük ürək və böyük məsuliyyət tələb edir. Mən həmişə inanmışam ki, əsl yazıçı insanları bir-birindən uzaqlaşdıran yox, onları eyni amal ətrafında birləşdirən adamdır. Təbriz də bizim ortaq amalımızın, ortaq yaddaşımızın və ortaq cevgimizin adıdır…

Elbəyi Həsənli

visiontv.az