İran etiraf edir ki, Ermənistan artıq Zəngəzur dəhlizinə yaşıl ışıq yandırıb...
İran etiraf edir ki, Ermənistan artıq Zəngəzur dəhlizinə yaşıl ışıq yandırıb...
05.08.2025 Elbəyi Həsənli Tərəfindən

“Erməni mətbuatında yer alan xəbərlərə görə, Türkiyə bir əsrə yaxındır ki, “Zəngəzur dəhlizi” deyilən əraziyə çıxış axtarır. Ermənistan hökuməti bu təşəbbüsü iqtisadi səmərələrin açılması vasitəsi kimi təqdim etsə də, layihənin əsl kommersiya və iqtisadi əsaslandırması yoxdur. Onun əsas funksiyası iqtisadi deyil, geosiyasidir. Dəhliz regional nizamı yenidən formalaşdıracaq, Türkiyə və Azərbaycana Cənubi Qafqazda liderlik etmək imkanı verəcək.

Bu dəyişiklik Rusiyanın təsirini marjinallaşdıra və İranın şimal sərhədləri boyunca strateji mövcudluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. İran üçün nəticələr dərin ola bilər: geosiyasi tarazlığın pozulması, Türkiyənin nüfuzunun artması, ABŞ-ın onun sərhədləri yaxınlığında potensial mövcudluğu və Ermənistan, Gürcüstan və Qara dənizə birbaşa çıxışın kəsilməsi. Üstəlik, İran Azərbaycandan keçən tranzit marşrutundan asılı ola bilər - bu, İsrailin təsiri altındadır - Çinin "Bir Kəmər və Yol" təşəbbüsündəki rolu azala bilər. Dəhlizə nəzarət Bakıya verilərsə, Tehran təkcə Cənubi Qafqazla deyil, həm də Rusiya və Avropa ilə şimal ticarət yolları üzərində təsir rıçaqlarını itirmək riski ilə üzləşir”.

İranın siyasi və hərbi elitasının əsas orqanı olan “The Tehran Times” “Zangezur Corridor is a tool for geopolitical limitation” (Zəngəzur dəhlizi geosiyasi məhdudlaşdırma vasitəsidir və ya alətidir) adlı məqaləsində belə deyilir.

Diqqət etdinizmi: "Ermənistan hökuməti bu təşəbbüsü (Zəngəzur dəhlizini) iqtisadi səmərələrin açılması vasitəsi kimi təqdim etsə də" fikri ilə İran etiraf edir ki, Ermənistan artıq bu dəhlizə yaşıl ışıq yandırıb...

Son günlərdə İran Prezidenti Məsud Pezeşkian Zəngəzur dəhlizinin açılmasına açıq şəkildə dəstək verib. Məsud bəy onu da vurğulayıb ki, İranın Azərbaycanla anlaşa bilməməsinin səbəbkarı məhz İrandır. “The Tehran Times”da gedən məqalə isə ona dəlalət edir ki, İran prezidentinin rəyi İranın siyasi və hərbi elitası üçün keçərli deyil. Yəni kor tutduğunu buraxmır.

Ancaq əminəm ki, İranda hər keçən gün Məsud Pezeşkianın səsi daha yüksəkdən eşidiləcək.

Elbəyi Həsənli

visiontv.az