İran daha bir rekorda imza atdı: 2023-cü ildə yazıçıların ikinci ən böyük həbsxanası olub
05.05.2024

İran 2023-cü il “Yazı Azadlığı İndeksi”nə əsasən, Çindən sonra dünyada yazıçıların ən böyük həbsxanası olub və eyni ildə İslam Respublikası dünya üzrə ən çox qadın yazıçını həbs edən ölkə kimi birinci yeri tutub.

Bu barədə Amerika Qələm Assosiasiyasının hesabatında deyilib.

"2023-cü ildə İranın adı yenə də qadın yazıçıları həbs edən ölkələrin başında gəlib. İslam Respublikası 15 qadını yazıçını həbs edib, onların əksəriyyəti qadınlara qarşı məcburi hicaba və digər ayrı-seçkilik qanunları barədə yazdıqlarına və ona qarşı çıxdıqlarına görə hələ də həbsdədirlər",- hesabatda qeyd olunub.

Bildirilib ki, 2022-ci ilin sentyabrında başlayan ümumi etiraz aksiyalarında həbs edilən yazıçıların bir qismi sonradan mülki zəmanət və irov qarşılığında sərbəst buraxılıb, bu isə onların davamlı olaraq təhdid və təzyiq altında olması deməkdir.

"İslam Respublikasının rəhbərlərindən tələb edirik ki, haqsız yerə həbsə atılan yazıçıları azad etsin, yazıçı və sənət adamlarına qarşı təqibləri dayandırsın, öz istəklərini ifadə edən müxalif fikirlilərin səsini kəsməsin",- Amerika Qələm Assosiasiyası bəyanatında vurğulanıb.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi son məlumatlara əsasən 2023-cü ildə İranda 49 yazıçı həbs edilib. 

visiontv.az