İntizarın sonu: Və ya çarəsiz adam...
İntizarın sonu: Və ya çarəsiz adam...
09.12.2023 Bəybala Mirzəyev Tərəfindən

Bu günlərdə Rusiyada az qala hamı Putinin növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə götür-qoy edirdi.

Budur, cənab Putin bugünkü açıqlaması ilə bütün rusları və qeyri-rusları böyük intizardan qurtardı.

Belə ki, Rusiya Prezidenti Kremldə keçirilən tədbirdə çıxışı zamanı seçkilərə qatılmaq qərarının zəruri olduğunu bildirib.

Sitat:
“Müxtəlif vaxtlarda bu məsələ ilə bağlı müxtəlif fikirlərim olub. Amma başa düşürəm ki, bu gün başqa cür etmək mümkün deyil. Beləliklə, mən Rusiya prezidenti postuna namizədliyimi irəli sürəcəyəm".

Gördüyünüz kimi Vladimir Vladimiroviç açıq və səmimi şəkildə deyir ki, başqa cür etmək mümkün deyil və o, öz namizədliyini mütləq irəli sürməlidir. 

Çünki adam Ukraynaya qarşı "xüsusi hərbi əməliyyat" (SVO) adıyla Rusiyanı elə bir bataqlığa soxub ki, hazırkı kritik məqamda yaxasını heç cürə kənara çəkmək imkanı yoxdur. 

Bir sözlə, Putin və onun oxşarları yaranmış vəziyyətin girovuna çevrilib. 

O, bu gün çarəsiz adam rolunda çıxış edir.

P.S. 
Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn ilin mart ayının 17-də keçiriləcək.

Bəybala Mirzəyev

Visiontv.az