Prosseslərin gedişatı lll Dünya Müharibəsinə gətirib çıxara bilərmi?
29.09.2022

Son zamanlar dünyada baş verən hadisələr, geosiyasi reallıqlar, kütləvi etirazlar, pandemiyalar, iqtisadi böhranlar bəşəriyyəti naməlum tunelə doğru aparır. Prosseslərin gedişatı III Dünya Müharibəsini gətirib çıxara bilərmi?

Visiontv.az xəbər verir ki,  Millət vəkili Cavanşir Feyziyev, Ednews saytına açıqlama verib.

Millət vəkili qeyd edib ki, əslində fasiləsiz olaraq dünyanın müxtəlif bölgələrində,  müxtəlif xarakterli böhranlar həmişə yaşanır. İqtisadi böhranlar, siyasi böhranlar, təbii fəlakətlər, kütləvi etirazlar və hətta lokal müharibələr hələ də bəşəriyyətin daimi yol yoldaşıdır.

"Son iki əsrdə dünya demək olar heç bir il də müharibəsiz yaşamayıb. Son 3 onillik ərzində baş verən hadisələrin intensivliyi və miqyası isə daha da artıb. Bunu sözün tam mənasında Üçüncü Dünya Müharibəsi adlandırmasaq da əslində baş verən hadisələr dünya miqyaslı olmaqla bütün xalqların və dövlətlərin maraqlarına bu və ya digər formada təsir edir. Məsələn, SSRİ-nin süqutu kimi nəhəng miqyaslı siyasi böhran tarixin daha əvvəlki dönəmlərində yalnız dünya müharibələri yolu ilə mümkün olurdu. Lakin 1991-ci ildə SSRİ uzun illər ərzində yetişmiş iqtisadi-sosial böhran nəticəsində dünyanın siyasət səhnəsindən getdi. Amma tamamilə getdiyini də deyə bilmərik. Çünki SSRİ-nin ləğvindən sonra onun ərazisində baş verən lokal müharibələr və hələ bu gün də Ukraynada baş verən hadisələr SSRİ-nin çöküşündən yaranan siyasi-hərbi “avtoşok”lardır. Yəni SSRİ hələ də çökməkdə davam edir. SSRİ kimi nəhəng bir siyasi-hərbi sistemin iflası bütün digər dövlətlər üçün, xüsusilə də dünyanın digər güc mərkəzləri üçün həm yeni imkanlar açır, həm də qlobal siyasi arenada onların özləri arasında yeni maraq toqquşmalarına gətirib çıxarır. Beləliklə, hətta bəşəriyyətin xeyrinə baş verən dəyişikliklər də mütləq şəkildə bir sıra münaqişələrə səbəb olur. Bu münaqişələrin dünya müharibəsinə gətirib çıxarması da mümkündür. Məsələn, hazırda Ukraynada baş verən hadisələr lokal müharibə kimi səciyyələndirilsə də, əslində dünyanın bütün güc mərkəzləri bu hadisələrin fəal iştirakçılarıdır. Klassik formada anladığımız kimi, dünya dövlətlərinin qoşunları və hərbi gücləri bir-biri ilə üzbəüz vuruşmasalar da dünya dövlətlərinin böyük əksəriyyəti bu və ya digər şəkildə bu müharibədə iştirak edir. Üzbəüz vuruşan tərəflər yalnız Ukrayna və Rusiyadır. Amma  bir çox dövlətlər tərəflərdən birinə və ya digərinə siyasi və humanitar dəstək verməklə, bəziləri isə həm siyasi-humanitar və həm də hərbi-texniki yardımlar etməklə müharibənin tərəflərinə çevrilirlər. Bütün bunları müasir dövrün dünya müharibəsi kimi xarakterizə etmək olar. Hadisələrə belə yanaşdıqda hazırda Üçüncü Dünya Müharibəsinin şahidi olduğumuzu deyə bilərik”.