Hazırda Azərbaycan dövləti olaraq son 30 ilin ən riskli addımı atılır
24.07.2026

Hazırda Azərbaycan dövləti olaraq son 30 ilin ən riskli addımı atılır: "Kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi". Əminəm ki, həmin qanun layihəsində hər şey sadəcə pozitiv tərəfdən hesablanıb. Risklər nəzərə alınmayıb. Risklər isə bir nazirlik səviyyəsində deyil, ölkə üçün ciddidir.

Əlavə olaraq nəzərə alaq ki, kiçik ölkələrdə və böyük ölkələrdə kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə siyasət fərqlidir. Məsələn, Yaponiyada hər ailə təsərrüfatına düşən torpaq payı 0.4 ha (40 sotdur). Yaponiya həm də hər hektardan qazanılan orta məbləğə görə ön yüksək yerlərdən birini tutur. Fransa, İspaniya, Almaniya, Hollandiya, İsrail kimi ölkələrdə butik təsərrüfatlar (butik şərabçılıq və sair) və istehsalın payı çox yüksəkdir. Rusiya, ABŞ, Kanada, Ukrayna kimi ölkələrdə isə kənd təsərrüfatlı təyinatlı ərazilər çox olduğu və həm də bağçılıq iqlim səbəbindən (ABŞ-də bəzi yerlərdə) çox uyğun olmadığından iri təsərrüfatlara üstünlük verilir. Avropa İttifaqı hazırda Yaponiya, Cənubi Koreya, bir neçə Avropa ölkəsinin özündə kiçik torpaqların yüksək səmərəliliyini nəzərə alaraq Aİ ölkələrində torpaqların bölünməsi və kiçik təsərrüfatlar formalaşdırıb maksimum nəticə əldə etmək istiqamətində gedir. Son 30 ilin statistikasına baxa bilərlər. Mən hələ bu prosesdə siyasi, sosial, məşğulluq risklərini demirəm. Sadəcə bir sual: bir tərəfdən deyirik ki, kəndlərdə məşğulluğu artıraq, əhali şəhərdən kəndə köçsün, digər tərəfdən torpaqların birləşdirilməsi məşğulluğu azaltdığı üçün əks proses getməyəcək? Yəni, 100 hektarda ayrı-ayrı 50-60 nəfər məşğul olursa, birləşdikdə maksimum 4-5 nəfər, hətta həmin ərazidə arpa-buğda əkilərsə 2-3 nəfər, bağ salınarsa yenə maksimum 10 nəfər çalışacaq. Proses bu gün başlasa nəticələrini 2-4 ilə görəcəyik. Geridönüş isə çətin olacaq. Bu prosesdə nəzərə alınmayan risklər çoxdur. Ümumiyyətlə isə kənd təsərrüfatı sahəsində qəbul olunan iddialı proqrama skeptik yanaşmıram. Amma Ölkə Prezidentinin qeyd etdiyi çox önəmli məsələlərin sanki kölgədə qalması məni narahat edir: yerli gübrə istehsalı, istehsal-emal sənayesinin qurulması, kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi (Kənd Təsərrüfatı Nazirliyi ciddi şəkildə maraqlansa bu sahədə konkret ciddi praktik çatışmazlıqlar haqqında fikir mübadiləsi edə bilərik) və şərab istehsalı daxil olmaqla butik istehsal sahələrinin yaradılması;

Təəssüf ki, ölkəmizdə dövlətin investisiya layihələri ilə infrastruktur layihələri arasında fərqləri müəyyən edə bilmədiyimiz üçün nəticələrini də doğru-dürüst görə bilmirik. İnkişaf etmiş və etməkdə olan ölkələrdə, ümumiyyətlə iqtisadiyyatda bəzi infrastruktur layihələri investisiya yönümlü hesab edilsə də, bəziləri edilmir. Əksinə, dövlətin özü üçün növbəti illərdə yükə, xərcə çevrilir;

 Dövlətimiz bu ilin 6 ayı ərzində bilərək ya bilməyərək möhtəşəm bir praktik stress test keçirdi. Nəticədə aydın oldu ki, iqtisadiyyatın böyüməsi özəl sektorun fəaliyyətindən daha çox dövlətin xərcləmələrindən, infrastruktur layihələrindən asılıdır. Bu isə həmin ciddi riskləri formalaşdırmaqda davam edirik deməkdir. Yəni, gələcəkdə neft düşsə, investisiya azalsa, xərcləmələr azalacaq və iqtisadi böyüməni təmin etmək çətin olacaq. ÜDM-nin hesablanması düsturunda hökumət xərcləmələri və investisiya xərcləri arasındakı fərqi bir yazımda izah etmişdim. Ölkə dövlət xərcləmələri deyil, istehsal, emal, xidmət sektorlarına yönələn özəl (xarici/daxili) investisiya qoyuluşlarından (burada da tikinti və qeyri-tikinti investisiya qoyuluşlarını ayırmaq məqsədəuyğundur) böyüdükdə daha dayanıqlı böyümə və növbəti mərhələdə inkişafa nail olmağa çalışır (iqtisadi böyümə və iqtisadi inkişaf haqqında geniş məqalə yazdığım üçün təkrara yol vermirəm). Ümumiyyətlə dövlət xərcləmələri və investisiya qoyuluşları arasında nisbət var. Məsələn, dövlət bir regionun infrastruktur layihələri üçün 1 milard xərcləyirsə, həmin regiona kifayət qədər investisiya cəlb olunmursa, o halda həmin 1 milyard manatın dövlətə geridönüşü minimum olacaq və bir neçə ildən sonra dövlət köhnəlmiş infrastruktur layihələrin daha böyük zərərlə (çünki həmin rayondan, regiondan geridönüş zəif oldu) icrasına məcbur olacaq. İstəsək də, istəməsək də, yollar, körpülər yenilənməlidir!

Mənim çox səmimi bir arzum var. Biz şərəflə, çox ağıllı və uğurlu bir Zəfərlə torpaqlarımızı qaytarmışıq və gələcək nəsillərimizə bu problemi ötürmədən həll etməyə nail olmuşuq. Bu prosesin tamamlanması üçün "Sülh Müqaviləsi"nin imzalanması qalıb və arzum o Müqaviləni də imzalayaraq gələcək nəsillərə sülh və rifah içində olacaq Azərbaycan ötürməyə nail olmaqdır. Cənab Prezidentin bu missiyanı da tamamlama istəyi göz önündədir. Lakin, burada Ermənistan hakimiyyətinin özündən asılı olan və olmayan səbəblərdən müəyyən yubanmalar var və olacaq. Çünki burada əks mövqedə olan maraqlı tərəflər də var. Sülh Müqaviləsinin imzalanmasının 2030-2031-ci ilə qədər çəkəcəyi ehtimalı var. Buna qədər isə biz mütləq resursdan asılılığı minimallaşdırmağa nail olan və iqtisadiyyatı uğurla diversifikasiya olunmuş iqtisadi cəhətdən güclü Azərbaycan olmalıyıq. Əks halda bizə qarşı siyasi təzyiqlər artacaq. Niyə? Bu suala cavab verməyə ehtiyac yoxdur. Çünki, müəyyən zamanlarda iqtisadi çətinliklər dövrlərində ölkəmizə qarşı artan siyasi təzyiqləri dövlətimiz gözəl bilir. Yeni növ formalaşacaq təzyiq səbəbinə növbəti paraqrafda toxunacam;

Bir dövlət və ya bütöv regionu hər hansı bir dövlətin nüfuz dairəsindən çəkib çıxartmaq istədikdə atılan əsas addımlardan birincisi həmin dövlət və ya regionu alternativin daha güclü olduğunu göstərmək üçün iqtisadi cəhətdən gücləndirməkdir. Burada təfsilatlara getmədən qeyd edim ki, həmin regionda iqtisadi böyümədə geri qalan dövlətə qarşı siyasi-iqtisadi təzyiqlər artır. Burada digər bir risk isə ondan ibarətdir ki, regionu əlində saxlamaq istəyən güc həmin regiona, ölkəyə yanlış reseptlər təqdim edir. Əslində bu fikir onun cavabıdır ki, nə üçün hər hansı bir regionda bir ölkəyə daha çox təzyiq edilir, nəinki digərlərinə. Hazırda çox çətin bir dövrdən keçirik. Yaxın Şərqdə baş verənlər, ABŞ/İsrail - İran və Rusiya-Ukrayna müharibələri, qardaş Türkiyənin Suriyada İsraillə qarşı-qarşıya gəlmək riskləri və sair. Müəyyən güclər İsrailin gücünə qarşı Türkiyə vasitəsilə balans yaratmaq marağındadır! Ölkəmiz bu qədər mürəkkəb dövrdə minimum risk və zərər, maksimum mənafe və öhdəliklərə sadiqlik prinsipi ilə hərəkət etməyə çalışır. Burada dayanıqlı iqtisadi böyümə və inkişaf dövlətimizin əlini gücləndirəcək əsas amillərdən birincisidir! Mənim inandığım həqiqət budur!!!

Elman Sadiqov

visiontv.az