Neçə müddətdir italiyan filosofu Aqambenin “İstisna hal” kitabını oxuyuram. Modern (hətta demokratik) totalitarizmin özünəməxsus yönlərini şərh edir kitab. Aqambenə görə, hüquq deyə bir şey yox artıq, güc qərar verdikdə yalnız vəziyyətin istisnalığına baxır. Əgər istisna hal hüququ tapdalamağı tələb edirsə iqtidar xüsusi qərarlarla hüququ yox saya bilir.
Və günümüz dünyası hüquqa görə deyil, istisna hallara görə idarə olunur. Bu, təxminən köləlik dövrünün prinsipidir. Güc özünün və himayəsində olanların mənafeyi uğrunda istənilən qərarı verə, legitimləşdirə və icra edə bilər.
Yəni hüquq anlayışı özünün son dövrünü yaşayır. Ən maraqlısı, istisna hala görə hüququ ayaqlayanlar demokratik güclərdir. Tam əksinə, avtoritarlar özünü bu güclərin müdaxiləsindən hüququ yollarla müdafiə etməyə cəhd göstərirlər.
Bu, yeni, daha doğrusu, unudulmuş köhnə bir dünya düzəni olmalı.
Aqşin Yenisey
visiontv.az