Gunaz TV-nin məlumatına görə, ABŞ bazar günü Livandakı Hizbullahı bu ölkədə sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib və Hizbullahın baş katibi Nəim Qasimin Livan hökumətinin devrilməsinə dəstək verən açıqlamalarını sərt şəkildə pisləyib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Hizbullahın Livanın seçilmiş hökumətini devirmək çağırışını “ən sərt şəkildə” qınayır.
O deyib ki, bu mövqelər Hizbullahın Livanı sabitsizləşdirmək və hakimiyyətini “Livan xalqının gələcəyi bahasına” qorumaq üçün apardığı “qəsdən həyata keçirilən kampaniyanın” bir hissəsidir və məqsəd ölkəni yenidən “xaosa və dağıntıya” sürükləməkdir.
Nəim Qasim bazar günü demişdi: “Xalqın küçələrə çıxmağa, hökuməti devirməyə və İsrail-Amerika layihəsinə qarşı bütün gücü ilə müqavimət göstərməyə haqqı var.”
Hizbullahın baş katibi həmçinin ABŞ-nin dəstəyi ilə davam edən Livan hökuməti ilə İsrail arasında birbaşa danışıqlara qarşı olduğunu bir daha bəyan edib və qrupun hazırkı şəraitdə silahlarını təhvil verməyəcəyini bildirib.
Marko Rubio vurğulayıb ki, Hizbullah Livanın qanuni hökumətinin hücumların dayandırılması və atəşkəsə hörmət olunması ilə bağlı təkrar çağırışlarını görməzlikdən gəlib.
ABŞ dövlət katibi əlavə edib ki, Hizbullah hələ də İsrail mövqelərinə atəş açmağa, cənubi Livana qüvvə və silah daşımağa davam edir və bu addımlar qrupun ölkəni “sabitsizləşdirmək” və təsir gücünü qorumaq üçün “qəsdən” atdığı addımlardır.
O əlavə edib ki, Livan hökuməti ABŞ-nin “tam dəstəyi” ilə ölkənin yenidən qurulması, beynəlxalq yardımların təmin edilməsi və vətəndaşlar üçün sabit gələcəyin qurulması istiqamətində çalışır, lakin Hizbullah “Livanı fəal şəkildə yenidən xaosa və dağıntıya qaytarmağa çalışır.”
Rubio həmçinin bildirib ki, ABŞ Livanın qanuni hökumətinin suverenliyini bərpa etməsi və xalqı üçün daha yaxşı gələcək qurması üçün “qətiyyətlə” onun yanındadır.
ABŞ dövlət katibi sonda deyib: “Bir terror qrupunun bütöv bir milləti girov saxladığı dövr sona yaxınlaşır” və Hizbullahın zorakılıq və hökuməti devirmək təhdidlərinin nəticə verməyəcəyini vurğulayıb.
visiontv.az