Göy Məsciddə “Çarents zalı”
Göy Məsciddə “Çarents zalı”
11.11.2026 Şöhrət El-Dəniz Tərəfindən

İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Tədbirdə İranın vitse-prezidenti Həmid Purməhəmmədi iştirak edib. Eyni tədbirdə fars şairi Firdovsinin “Şahnamə” əsərinin erməni dilinə tərcüməsinin təqdimatı keçirilib. Yaxın vaxtlarda zala erməni şairin büstünün də qoyulması nəzərdə tutulur. Oxuyursan və inanmırsan. Məscidə şairin adı, məsciddə kitab təqdimatı, məscidə büst...

Özlərini İslamın himayədarı sayan bu şovinistlər məscidə İslama zidd büst qoymaqla nə demək istəyirlər? Mollalar bu addımla abidənin və onun sahibinin kimliyinin silməyə çalışırlar. Və bu əməldə Tehran birbaşa iştirak edir. Göy Məscid İrəvanın mərkəzində yerləşən Azərbaycan məscididir. 1766-cı ildə İrəvan xanı Hüseynəli xan tərəfindən tikilib. Bu, Azərbaycan memarlığının, Azərbaycan xanlığının, Azərbaycan İslam mədəniyyətinin abidəsidir. Ermənistan bu məscidi illərdir “fars məscidi” kimi təqdim edir. Çünki “Azərbaycan məscidi” demək, İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etməsi deməkdir. Ona görə də adı dəyişdirilib, tarixi təhrif edilib. Tehran isə illərdir bu təhrifə möhür vurur. İranın vitse-prezidenti gedir İrəvana, Azərbaycan məscidinin zalına erməni şairin adının verilməsinə əl çalır. Sanki deyir ki, bəli, bu məscid artıq sizin olsun. Biz də razıyıq. Sual budur ki, Tehran Bakıda bir erməni kilsəsinə gedib onun zalına Şəhriyarın adını verərdimi? Əsla. Tehran belə şeyi xəyanət sayardı. Amma İrəvanda Azərbaycan məscidinin erməniləşdirilməsində Tehran iştirak edir. Tehran alqışlayır. İslamda məscidə heykəl, büst qoymaq olmaz. Bunu Tehrandakı mollalar bizdən yaxşı bilir. Qumda, Məşhəddə, Tehranda hansı məsciddə büst var? Heç birində. Amma İrəvanda Göy Məscidə büst qoyulacaq və İranın vitse-prezidenti buna etiraz etmir. Çünki söhbət İslamdan getmir. Söhbət siyasətdən gedir. Söhbət Azərbaycana qarşı İrəvanla birlikdə olmaqdan gedir.Tehran üçün Göy Məscid artıq məscid deyil, siyasi alətdir. Ermənistana biz sizinləyik demək üçün bir səhnədir. Tehran İrəvana deyir ki, sizinlə tarixi abidəni də bölüşməyə hazırıq, təki Azərbaycan güclənməsin. Bu, İran siyasətinin ən çılpaq mənzərəsidir Tədbirdə “Şahnamə”nin erməni dilinə tərcüməsi də təqdim olunub. Fars şairi Firdovsi, erməni şairi Çarents və Azərbaycan məscidi. Üçü bir araya gətirilib. Azərbaycan isə yoxdur. Azərbaycan silinib. Tehran deyir ki, biz fars mədəniyyəti ilə erməni mədəniyyətini birləşdiririk. Bəli, birləşdirirsiniz. Amma Azərbaycanın məscidində birləşdirirsiniz. Bu, təsadüf deyil. Bu, mesajdır. Tehran İrəvana deyir ki, Göy Məscid artıq Azərbaycanın deyil, ortaq fars-erməni mədəniyyət məkanıdır. Yəni İran Göy Məscidi Azərbaycandan alıb, Ermənistana hədiyyə edir. Özü də “mədəniyyət” adı altında. Amma mollalar unudur ki, tarixi zalın lövhəsi ilə dəyişmək olmur. Qərbi Azərbaycana qayıdış olanda o lövhəni çıxardıb gözünüzə soxacağıq.

Şöhrət El-Dəniz

visiontv.az