FHN ötən il nüvə və radioloji təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətə dair hesabat açıqlayıb
30.01.2023

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2022-ci il ərzində ölkə ərazisində əhalinin və ərazilərin nüvə və radioloji təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyətin tənzimlənməsi üzrə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib.

FHN-dən Visiontv.az-a verilən məlumata görə, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən 182 nəzarət-yoxlama tədbiri, 100 müəssisədə radiasiya təhlükəsizliyi qaydalarına düzgün riayət edilməsi ilə bağlı baxış keçirilib. Bununla yanaşı, həyat təminatı və mühüm əhəmiyyətli obyektlərin radioloji təhlükəsizliyi ilə bağlı 5 müəssisədə müvafiq müayinələr aparılıb. 84 müəssisəyə radiasiya təhlükəsizliyinin, 81 müəssisəyə isə qəza hallarına hazırlıq və cavabvermə üzrə tədbirlərin gücləndirilməsi məqsədilə metodiki köməklik göstərilib.

Həmçinin, Agentlik tərəfindən ötən il ərzində 99 müəssisəyə ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 112 “xüsusi icazə” verilib. Nüvə və radioloji fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulan obyektlərin layihələrinin, bu obyektlərdə tətbiq edilən yeni texnoloji proseslərin və avadanlıqların nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasının həyata keçirilməsi üzrə 29 rəy verilib.

Bundan əlavə, 2022-ci ildə Agentlik tərəfindən aparılmış inventarizasiya tədbirləri çərçivəsində ölkədə 152 müəssisə üzrə ionlaşdırıcı şüalanma mənbəyi hesab edilən 283 qurğuya dair məlumatlar təhlil edilib və onlar məlumat bazasında qeydə alınıb. Həmçinin, 177 müəssisə üzrə 2733 radioaktiv mənbə və 154 rentgen aparatı barədə məlumatlar radioaktiv mənbələrin məlumat bazasına daxil edilib.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi respublika ərazisində nüvə və radioloji təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.