Müctəba Tavangər: İranın yeni enerji oyunu nədir?
İranın “Həmşəhri” qəzetində dərc olunan məqaləsində iqtisadi tədqiqatçı Müctəba Tavangər iddia edir ki, İranın İsrailə qarşı enerji sahəsində təzyiq strategiyası təkcə Hörmüz boğazının bağlanması ilə məhdudlaşmamalıdır. Onun fikrincə, əsas təzyiq nöqtələrindən biri də Xəzər dənizi və Cənubi Qafqaz marşrutu olmalıdır.
Tavangər yazır ki, enerji savaşında qalib gəlmək üçün yalnız nəqliyyat marşrutlarını bağlamaq kifayət etmir. O hesab edir ki, əsas məqsəd rəqibin enerji təchizatını bahalaşdırmaq, riskləri artırmaq və onu iqtisadi cəhətdən daha böyük təzyiq altında saxlamaqdır.
Müəllif bildirir ki, Hörmüz boğazının bağlanması mühüm addım olsa da, dünya neft bazarı yalnız real təkliflə deyil, həm də bazarın gözləntiləri ilə formalaşır. Onun fikrincə, qısamüddətli fasilələr bazar tərəfindən müəyyən qədər kompensasiya oluna bilər.
Müctəba Tavangər daha sonra diqqəti Xəzər hövzəsinə yönəldir. O, Reuters-in məlumatlarına istinad edərək yazır ki, 2025-ci ildə İsrailin neft idxalının təxminən yarısı Azərbaycandan təmin olunub. Bu səbəbdən o iddia edir ki, Azərbaycan üzərindən keçən enerji marşrutları İsrail üçün strateji əhəmiyyət daşıyır və həmin marşrutlarda yaranacaq hər hansı gərginlik İsrailin enerji təhlükəsizliyinə təsir göstərə bilər.
Müəllif hesab edir ki, Xəzər bölgəsi ABŞ-ın körfəzdəki qədər güclü hərbi nəzarəti altında olmadığı üçün burada yaradılacaq məhdud təhlükəsizlik gərginliyi daha ciddi çəkindirici təsir göstərə bilər.
Tavangər yazısında Azərbaycanı da xüsusi olaraq qeyd edir. O heç bir konkret əsas göstərmədən iddia edir ki, İsrail Azərbaycanın imkanlarından İrana qarşı istifadə edib və buna görə də İranın cavab təzyiqini enerji sahəsində məhz bu istiqamətdə formalaşdırmaq imkanları mövcuddur.
Məqalədə Xəzər dənizinin hüquqi statusu məsələsinə də toxunulur. Müəllif hesab edir ki, Xəzərdə təhlükəsizlik mühitinin dəyişməsi İranın gələcək siyasi və hüquqi danışıqlarda mövqeyini gücləndirə biləcək əlavə təzyiq vasitəsinə çevrilə bilər.
Müctəba Tavangər sonda Türkiyənin rolunu da dəyərləndirərək bildirir ki, Azərbaycan nefti Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Ceyhan limanına, oradan isə İsrailə daşınır. Onun fikrincə, bu marşrutun təhlükəsizliyi İsrail üçün mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə yaranacaq gərginlik regional enerji balansına təsir göstərə bilər.
Hesab edirəm ki, Müctəba Tavangərin irəli sürdüyü yanaşma fonunda diqqətdən qaçırılmamalı olan başqa bir təhlükə də mövcuddur. Əgər regionda gərginlik daha da artarsa, İran terror rejiminin təhdidləri yalnız enerji marşrutları ilə məhdudlaşmayacaq.
Ona görə də, Azərbaycanın təhlükəsizlik orqanları ölkə daxilində ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş mümkün təxribat cəhdlərinə qarşı mütləq tam hazır olmalıdırlar. Çünki, İran terror rejiminə bağlı terrorçu çətələr son illərdə müxtəlif məsələlər, o cümlədən hicab mövzusu və ya İran bağlı olan şəxsləri “dindar məhbuslar” kimi təqdim edilməsi və onun ətrafında aparılan kampaniyalar həmçinin son günlərdə bəzi Avropa ölkələrində keçirilən “etiraz aksiyaları” göstərir ki, bu şarlatan şantajçı quruplar Fars molla rejimindən aldıqları göstəriş əsasında bu mövzuları gündəmə gətirirlər.
Düşünürəm ki, mümkün eskalasiya ssenarilərində dövlət qurumları ictimai təhlükəsizliyə yönələ biləcək təxribat və zorakılıq xarakterli insidentlər, o cümlədən terror aktları riskini də nəzərə almalı, bu cür risklərin qarşısının alınması üçün qabaqlayıcı təhlükəsizlik tədbirlərini daha da gücləndirməlidirlər.
Eyni zamanda hesab edirəm ki, vətəndaşlar da ayıq-sayıq olmalı, cəmiyyətdə qarşıdurma yaratmağa yönəlmiş təxribat xarakterli çağırışlara, dezinformasiyaya və qanunsuz fəaliyyətlərə uymamalıdırlar. Şübhəli fəaliyyətlər və ya ictimai təhlükəsizliyə risk yarada biləcək hallarla qarşılaşdıqda, bu barədə aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq hər bir vətəndaşın məsuliyyətli davranışıdır.
Sadiq İsabəyli
visiontv.az