Bir vaxtlar Ermənistan rəhbərliyi Bakı ilə ultimatum dilində danışırdı. Xatırlayırsınızsa 2019-cu ildə Paşinyan Xankəndidə çıxıb "Qarabağ Ermənistandır" deyirdi. Ondan əvvəl Köçəryan, Sarkisyan Bakıya hədə-qorxu gəlirdi. Uzun illər müxalifət də, iqtidar da yarışırdı ki, görək kim Azərbaycana daha çox hədə qorxu gələr, kim yeni ərazilərə Zəngəzurə, Naxçıvana, Gəncəyə iddia edər.
İndi isə mənzərə tam tərsinədir. İrəvanda seçki gedir, danışılan adam Əliyevdir. Konstitusiya dəyişikliyi müzakirə olunur, danışılan adam Əliyevdir. Beynəlxalq tədbirə gedirlər, sual verilir ki, Əliyev bəs nə deyəcək? Ermənistanın baş naziri Paşinyanın adı öz ölkəsində Azərbaycan prezidentinin adından az çəkilir.
Bu, təsadüf deyil. Bu, 2-ci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallığın adıdır. 44 günlük müharibədən əvvəl Ermənistanın məntiqi belə idi. Biz qalibik, Azərbaycan məğlub, Rusiya bizi qoruyacaq, Qərb bizi sevəcək. Ona görə Bakıya ultimatum vermək olar.
44 gündən sonra 3 şey dağıldı. Birincisi hərbi mif dağıldı. Yenilməz erməni ordusu 44 günə çökdü.
İkincisi Rusiya mifi dağıldı. Moskva gəlib İrəvan üçün ölmədi.
Üçüncüsü Qərb mifi dağıldı. Fransa bəyanat verdi, ABŞ narahatlıq bildirdi, amma heç kim İrəvan üçün Bakı ilə döyüşə girmədi.
O gündən sonra Ermənistan siyasətində bir qorxu yarandı ki, Əliyev nə deyəcək? Çünki Prezident İlham Əliyev lazım olanda istədiyini hərbi yolla almağı bacardığını sübut etdi.
Hazırda İrəvanda ən böyük mübahisə Konstitusiya dəyişikliyi ilə bağlıdır. Ermənistan Konstitusiyasında hələ də Azərbaycan və Türkiyəyə ərazi iddiası var. Azərbaycan deyir ki, sülh istəyirsənsə, bunu çıxart. Paşinyan da ermənilərə deyir ki, gəlin çıxardaq. Müxalifət isə deyir ki, Paşinyan Prezident İlham Əliyevin tapşırığını yerinə yetirir. Bu, Əliyev Konstitusiyasıdır. Yəni erməni siyasətçi öz konstitusiyasını belə Azərbaycan prezidentinin adı ilə adlandırır. Təbii ki, Azərbaycan rəsmi olaraq bunu Ermənistanın daxili işi adlandırı. Amma İrəvanda hamı bilir ki, bu daxili iş deyil, Bakının qoyduğu şərtdir. Və bu şərti qəbul etmədən sülh olmayacaq.
Bu əslində tarixdə nadir hadisədir. Bir ölkənin prezidenti digər ölkənin konstitusiyasının müzakirəsində iştirak etmədən, onun əsas faktoruna çevrilib. Və Paşinyan da Ermənistan tarixində ilk rəhbərdir ki, reallığı başa düşüb. O, müxalifətə deyir ki, biz 30 il İlham Əliyevin atasına, sonra özünə ultimatum verdik, nətıcədə nə oldu? Qarabağı itirdik. Yenə ultimatum dili ilə danışsaq Zəngəzuru və Göyçəni da itirəcəyik. Ona görə Paşinyan çıxışlarında tez-tez Prezident İlham Əliyevin sərhədləri tanımalıyıq, ərazi iddiasından əl çəkməliyik, TRIPP-i açmalıyıq, Türkiyə ilə barışmalıyıq tezislərini təkrarlayır.
Əslində bu erməni rəhbərliyinin və müxalifətinin etirafdır. Paşinyan başa düşür ki, İrəvanda hakimiyyətdə qalmaq üçün Bakı ilə razılaşmaq lazımdır. Yəni Azərbaycan prezidenti Ermənistanın daxili siyasətində seçki qazanmağın şərtinə çevrilib.
Digər tərfdən Vaşinqtonda, Brüsseldə, Moskvada Ermənistan nümayəndəsi danışanda ilk sual bu olur ki, Əliyev buna razıdırmı? Çünki hamı bilir ki, Cənubi Qafqazda Prezident İlham Əliyevin razı olmadığı heç bir layihə işləməyəcək. Bu, gücün dəyişməsidir. Əvvəl İrəvan Bakını şikayət edirdi, indi İrəvan Bakının qərarını gözləyir. Bu, Azərbaycanın təkcə torpaq qazanması deyil, gündəm qazanmasıdır. Əvvəl Azərbaycan Ermənistanın gündəminə uyğunlaşırdı. İndi artıq Ermənistan Azərbaycanın gündəminə uyğunlaşır.
Şöhrət El-Dəniz
visiontv.az