Türkiyənin tanınmış din xadimi Cübbəli Əhməd (Ahmet Mahmut Ünlü) deyir: “Ərəbi sevmək imandır, sevməmək kafirlikdir. Bu, hədisi-şərifdir.”
Həqiqətən də, Məhəmməd peyğəmbərə aid edilən hədis rəvayətlərində belə bir fikir mövcuddur. Lakin bir sıra hədis alimləri həmin rəvayəti zəif hesab ediblər. Üstəlik, Quranın Hucurat surəsinin 13-cü ayəsində insanların müxtəlif xalqlara və qəbilələrə ayrıldığı, Allah yanında üstünlüyün isə milli mənsubiyyətlə deyil, təqva ilə müəyyən olunduğu bildirilir. Belə olan halda, bir millətə sevgini imanın ölçüsünə çevirmək Quranın məntiqi ilə necə uzlaşır?
Məsələnin başqa tərəfi də var. Türkiyədə geniş təsir imkanlarına malik bəzi dini çevrələr ərəblərə xüsusi sevgini dini borc kimi təbliğ edirlər. Amma türk xalqlarının fərqli siyasi mövqelərinə və milli maraqlarına münasibətdə eyni həssaslıq həmişə görünmür.
Bu ziddiyyət İsrail məsələsində xüsusilə nəzərə çarpır. 2026-cı ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edərkən Türkiyə, Özbəkistan və Qırğızıstan nümayəndələri etiraz edənlər arasında olmuş, Azərbaycan və Qazaxıstan nümayəndələri isə salonda qalmışdılar.
Bakıda keçirilən beynəlxalq toplantıda isə fərq daha qabarıq göründü. İsrail Prezidenti İshaq Hersoq çıxış edərkən Türkiyənin xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti zalı tərk etdi. Azərbaycan və digər iştirakçı türk dövlətlərinin nümayəndələri isə çıxışı dinləməyə davam etdilər. Beləliklə, həmin etirazda Türkiyə digər türk dövlətlərindən fərqli mövqedə qaldı.
Bu iki hadisə göstərir ki, türk dövlətlərinin İsrailə münasibəti eyni deyil. Türkiyənin öz xarici siyasət prioritetləri olduğu kimi, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və digər türk dövlətlərinin də öz milli maraqları var.
Türk dünyasının birliyi bütün türk dövlətlərinin Ankaranın siyasi və dini prioritetlərini qəbul etməsi demək deyil. Əsl həmrəylik bir-birinin suverenliyinə, milli maraqlarına və fərqli mövqelərinə hörmət etməkdən başlayır.
Ərəbləri sevmək təbliğ oluna bilər. Amma türk dünyasının öz daxilində qarşılıqlı hörmət və anlayış yaratmaq da bundan az əhəmiyyətli deyil…
Elbəyi Həsənli
visiontv.az