Nəhayət Ərdoğan prezident İlham Əliyevə zəng etdi. Rəsmi məlumatda deyilir ki, söhbət əsasında ikitərəfli münasibətlər, regional məsələlər müzakirə olunub, Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Təbii ki, rəsmi məlumat protokol cümlələrdən ibarətdir. Amma bu zəngin fonu protokol deyil.
Son 3 həftədə Azərbaycan-Türkiyə münasibətlərində bəlkə də son 30 ilin ən qəribə gərginliyi yaşanır. Gərginlik isə Azərbaycan məktəblərində vahid geyim qaydalarını sərtləşdirilməsi ilə başladı. Hicablı şagirdlərin məktəbə buraxılmaması ilə bağlı xəbərlər Türkiyədə, xüsusilə xilafıtçi-mühafizəkar çevrələrdə etirazlar yaratdı. Oktay Saral başda olmaqla bəzi AKP üzvüləri Bakını açıq tənqid etdi. Bakının cavabı isə adekvat və sərt oldu. YAP bunu daxili işlərə müdaxilə adlandırdı və kulminasiya nöqtəsi olaraq Azərbaycan 31 Türkiyə vətəndaşını "arzuolunmaz şəxs" elan edib ölkəyə girişini qadağan etdi, 7 nəfəri isə beynəlxaql axtarışa verdi. Səbəb kimi Azərbaycanın suverenliyini, milli təhlükəsizliyini və konstitusiya quruluşunu hədəf alan açıqlamalar, dini radikalizm üzərindən nifrəti körükləmək göstərildi. Yəni söhbət təkcə hicabdan getmir. Bakı deyir ki, Türkiyədəki bəzi çevrələr, o cümlədən AKP-dəki bəzi şəxslər Azərbaycanda dini radikalizmi ixrac etməyə, İranın illərdir edə bilmədiyini etməyə çalışırlar. Bu fonda Ərdoğan zəng edir. Məncə bu zəng Ərdoğanın dövlət başçısı kimi məsələyə müdaxiləsidir. O, məsələni Saral, Erbakan, sosial media qəhrəmanlarının səviyyəsindən çıxardıb, liderlər səviyyəsinə qaldırdı. Mesajı budur ki, bu mübahisə bizim strateji qardaşlığımıza kölgə sala bilməz. Ankarada keçiriləcək TDT zirvəsi 29-30 oktyabrda olacaq. Yəni zəng elə bir vaxta təsadüf edir ki, bu gərginlik zirvəyə kölgə salmasın. Ərdoğan Əliyevin Ankaraya gəlməsini ona görə istəyir ki, "bir millət, iki dövlət"in sarsılmaz olduğunu nümayiş etdirsin.
Ən vacib sual isə budur. Bu zəng böhranı həll edəcəkmi?
Qısa desəm gərginliyi yumşaldacaq, amma kökündən həll etməyəcək. Çünki problem artıq iki fərqli dövlət modelinin toqquşmasıdır. Türkiyədə siyasət din üzərindən aparılır. Bir hicab məsələsi bütün partiyalar üçün səs gətirən mövzudur. Azərbaycanda isə dövlət modeli dünyəvilik üzərində qurulub və Bakı bunu milli təhlükəsizlik məsələsi kimi görür. Bakı hesab edir ki, bu gün məktəbdə hicaba güzəşt etsə, sabah İran və Türkiyədən gələn radikal şəbəkələr ölkəni cənginə alacaq. Görünür Ərdoğan da bunu anlayır. O, Türkiyənin özündə də illərdir bu balansla oynayan liderdir. Amma Fatih Erbakan kimilər anlamır. Erbakanın dünənki açıqlamasında İsrail Prezidentinin Bakıya səfərini tənqid etmək və bunu dini pərdə altında təqdim etmək, Azərbaycanın müstəqil xarici siyasətinə müdaxilədir. Ona görə fikirləşirəm ki, Ərdoğan zəng etsə də, Bakı o 31 nəfərlik siyahını geri çəkməyəcək. Bu, Bakının suverenlik mesajıdır. Ərdoğan da Ərbakanı müdafiə etməyəcək. Nəticədə liderlər səviyyəsində qardaşlıq davam edəcək, TDT zirvəsində Əliyev və Ərdoğan qucaqlaşacaq, bütün dünyaya birlik mesajı veriləcək. Amma aşağı səviyyədə, sosial mediada, islamçı çevrələrdə Azərbaycan əleyhinə kampaniya bir müddət də davam edəcək. Çünki Türkiyədəki bəzi çevrələr hələ də Azərbaycanın müstəqil, dünyəvi və İsrail də daxil olmaqla hər kəslə öz marağına uyğun siyasət yürüdən dövlət olduğunu həzm edə bilmir.
Şöhrət El-Dəniz.
visiontv.az