ABŞ şirkətləri ilk dəfə Bakıda keçiriləcək silah sərgisində iştirak edəcək
26.08.2026

ABŞ-nin "SIG SAUER" və "Lockheed Martin" kimi nüfuzlu şirkətləri ADEX 2026-da debüt edəcək.

Bu barədə  ADEX 2026 təşkilat komitəsindən məlumat verilib.

Bildirilib ki, dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkətin  ADEX 2026-da iştirakını təsdiqləməsi sərgiyə olan beynəlxalq marağı aydın şəkildə ortaya qoyur.

Bu il  ABŞ-nin  ADEX 2026-da fəal iştirakı xüsusi diqqət çəkir. Belə ki, ABŞ-nin "SIG SAUER" və "Lockheed Martin" kimi nüfuzlu şirkətləri  ADEX-də debüt edəcək. Böyük  Britaniya və  Almaniya ilk dəfə olaraq  ADEX 2026-nın iştirakçı ölkələri sırasına qoşulacaq.

Almaniyanı sərgidə nüfuzlu "Rheinmetall" şirkəti təmsil edəcək. Bütün bunlar  ADEX-in beynəlxalq iştirak coğrafiyasının və nüfuzlu tərəfdaşlar dairəsinin genişlənməsinin bariz göstəricisidir". Türkiyədən  ADEX 2026-nın Baş sponsoru qismində çıxış edən "ROKETSAN", həmçinin "ASELSAN Elektronik San. ve Tic. A.Ş.", "BAYKAR", "Turkish Aerospace Industries" (TAI) və "HAVELSAN Elektronik San. ve Tic. A.Ş.", İtaliyadan "Leonardo", Çexiyadan "Excalibur Army SPOL S.R.O", Birləşmiş Ərəb Əmirliklərindən "EDGE Group" və İspaniyadan "INDRA" ADEX-in ənənəvi beynəlxalq iştirakçıları arasında yer alır.

Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr  ADEX 2026-da milli qruplar şəklində iştirak edəcəklər.

Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi, bu il də milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər.

visiontv.az