Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması həmin şəxslər tibbi xidmətlərin göstərilməsi tarixindən 90 gün müddətində ölkə ərazisini tərk etdikləri halda şamil ediləcək və müvafiq xidmətlərə görə ödənilmiş ƏDV yalnız nağdsız ödənişlər üzrə qaytarılacaq.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, artıq bu Qayda bir elektron qaimə-faktura üzrə tibbi xidmətlərin dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduğu hallarda tətbiq ediləcək.
Həmçinin, alıcı tərəfindən pasport və ya digər sərhədkeçmə sənədi təqdim edildikdən sonra göstərilmiş tibbi xidmətin adı, qiyməti və həmin qiymətin tərkibindəki ödənilmiş ƏDV-nin məbləği və ödənişin formasını (nağd və ya nağdsız) özündə əks etdirən elektron qaimə-fakturanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə tərtib edir və həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürəcək.
Bu Fərman 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.