2-ci hissə.
Somalitə (Zaqatalada dağ - 3500 metr) ikinci gəlişimiz yayın axırına təsadüf edirdi. Çobanlar da yox idi, artıq dağları tərk etmişdilər, aranlara – qışlağa getmişdilər. Odur ki, geoloqları salamlayan, söhbətə tutan, “vertolyot başqa şeydir, çobanlara da versəydilər, yaxşı olardı” deyən də yox idi. Biz 5 nəfər idik, sakitcə yüklərimizi boşaltdıq, bulağın başına daşıdıq, heç yorulmadıq...
Professor Həmid müəllim oğlunu, tələbələri də götürüb Bakıya qayıtmışdı. Biz də getməli idik, artıq yol çantalarımızı yığmışdıq, amma təsadüfən vertalyot düşmüşdü. Balakəndən Geoloji Ekspedisiyanın iki geoloqu 3-4 günlüyə təcili Somalitə qalxmalı olmuşdu. Professor Ekspedisiyanın rəhbərliyi ilə danışmışdı, məni də Raufla onlara qoşmuşdu. Beşinci yoldaşımız vertalyot pilotlarından birinin dostu, həvəskar ovçu idi.
Deyəsən, çobanların da hamısı hələ getməmişdi, dağları tərk etməmişdi. Bulaqdan aşağıda, kiçik çayın qırağında binədən tüstü çıxırdı. Biz çadırları çəkəndən, yerləşəndən, axşam düşəndən sonra çobanlar özləri də gəldilər, bizi qonaq dəvət etdilər. İki nəfər orta yaşlı adamlar idilər. Səhər dağda qoyuna çıxanda bir dağ keçisi vurmuşdular. İndi bizi kababa dəvət edirdilər. Geoloq yoldaşlarımızın ehtiyatı vardı, 5-6 araq götürmüşdülər...
“Ov ov üstünə gələr” deyirlər. Bir-iki gün sonra ovçu yoldaşımız bir canavar vurdu. İşdən gələn geoloqlar da, qoyundan gələn çobanlar da bizim çadırların qabağına yığıldı. Hamı canavara baxırdı. Elə də yekə deyildi, açıq boz rəngli, adi küçə itləri boyda idi. 25-30 kilo ancaq olardı. Ovçu izahat verdi ki, canavarın erkəyi iki dəfə böyük olur, bu, dişidir. Çobanlar öz aralarında nəsə pıçıldaşdılar, ovçunu qırağa çəkdilər, danışdılar, razılaşdılar. Canavarın əvəzində bizim ovçuya yanı balalı qoyun verdilər.
Ovçu yoldaşımız çobanlar gedəndən sonra məsələni bizə izah etdi: “Kolxozda canavar ovlayan çobana 100 rubl pul, babat bir qoç verilir, adı da hər yerdə çəkilir. Mən də canavarı çobanlara verdim, dərisini soyub götürsünlər, kolxoza təhvil versinlər. Mənim qoyun və quzu da bəsimdir, hesablasan eyni şeydir. Həm də bu kişilər bizə babat bir qonaqlıq da veriblər. Necə deyərlər, borclu borclunun sağlığın istər”...
Amma canavarın dərisini kolxoza təhvil vermək, “adı hər yerdə çəkilmək” bizim çobanlara nəsib deyildi. Axı, çobanlar iki, canavar isə bir idi. İki nəfəri bir canavarı birdən ovlaması isə, ağlabatan deyildi. Deməli, çobanlar binəyə çatan kimi canavarın dərisini soyurlar, qalanını itlərə atırlar. Amma səhərə kimi yatmırlar, mübahisə edirlər...
Yox, onlar cığal deyildilər, 100 rublu da, babat qoçu da bölməyə hazır idilər. Mübahisənin predmeti “kimin canavarı öldürməsi”, kimin adının çəkilməsi idi. Çobanlar bu məsələdə razılığa gələ bilmirlər, axırda canavarın dərisini tikə-tkə doğrayıb çaya tökürlər... Çoban ki, çoban...
Biz səhər marşrruta çıxanda sürü hələ binədə idi. Çobanlar gözə dəymirdi...
Qalib ARİF
visiontv.az