Çin dron uçuşlarını başqa təyyarələr kimi maskalayır
28.02.2026

Agentliyin yazdığına görə, iri Çin hərbi pilotsuz aparatı son aylarda Cənubi Çin dənizi üzərində azı 23 uçuş həyata keçirib.

O, müşahidə sistemlərini çaşdırmaq üçün saxta transponder siqnalları ötürərək özünü müxtəlif hava gəmiləri kimi təqdim edib - sanksiyalar altında olan Belarus yük təyyarəsindən tutmuş Böyük Britaniyanın “Typhoon” qırıcısınadək.

Təhlillər göstərir ki, marşrutlar çox vaxt Çinin Hainan əyalətindən şərq istiqamətində - Filippinlərə doğru uzanıb.

Uçuşlar mübahisəli Paracel adaları yaxınlığından və Vyetnam sahilləri boyunca keçib.

Bu əməliyyatları araşdıran hərbi attaşelər və təhlükəsizlik analitikləri bildirirlər ki, söhbət Çinin Cənubi Çin dənizində “boz zona” taktikalarında keyfiyyətcə yeni mərhələdən gedir.

Onların fikrincə, bu cür uçuşlar Çinin Tayvana mümkün müdaxiləsi halında istifadə edilə biləcək radioelektron maskalanma vasitələrinin sınağıdır.

visiontv.az