Fransa strategiyasının prioritetləri sırasında Cənubi Qafqazda təsir dairəsi yaratmaq getdikcə Parisi problemli vəziyyətlə qarşı-qarşıya qoyur.
Bunu, Azərbaycan və Türkiyəyə qarşı güclü tərəflər formalaşdırmaq istəyən Fransanın səylərinin boşa çıxması daha aydın bir şəkildə canlandırır. Bununla belə, Fransa diplomatiyası güclü tərəflərini Azərbaycanla müstəsna münasibətlər prizmasına söykəməyə də cəhdlər göstərir.
Yəni, diplomatiya və dialoq Fransa dövlətinin Azərbaycana münasibətdə hücum yox, özünümüdafiə xəttidir, çünki regionda Bakının iştirakı olmadan qurulan əməkdaşlıq modeli uğur qazana bilmir.
Ona görə də, Fransa səriştəsizləşən Cənubi Qafqaz siyasətində Azərbaycan və Ermənistana münasibətlərini Bakının maraqlarına uyğun nisbiləşdirmək seçimini nəzərdən keçirə bilər.
Bununla belə, Fransa seçimlərindəki Azərbaycan amili ilə əlaqədar praqmatik bəyanatlar səsləndirmir və bu, onu göstərir ki, Yelisey Sarayında Bakıya qarşı sərt xəttin tərəfdarı olanlar dominant mövqedədirlər.
Yelisey Sarayındakı anti-Azərbaycan qüvvələrin hökmranlığı Bakını Parisin səsini dinləməməkdə haqlı olduğunu göstərir. Qlobal idarəçiliyin formatlanması, Fransanın bu idarəçilik modelindən məhdud pay alması fonunda Azərbaycanın addımları daha effektiv olur.
Fransa bundan dolayı qüvvələr balansının öz ambisiyaları çərçivəsində yenidən formalaşdırılması üçün Cənubi Qafqazda Ermənistanla dərinləşən əməkdaşlıq nümunəsi yaratmağa həvəslənir.
Bu isə Cənubi Qafqazda mümkün ekstremal geosiyasi situasiyalarda Fransanın manevr etmək qabiliyyətini yüksəltmir, çünki Parisin bu ssenaridə maraqlarını koordinasiya edə biləcək regional və qlobal güc aktorları fonunda müttəfiqi yoxdur.
Deməli, Paris regionda öz ambisiyalarına inteqrasiya edilmiş kritik hədd yarada bilməyəcək və nəticədə Fransa Azərbaycanla əməkdaşlığın yenidən nəzərdən keçirilməsinə məcbur qala bilər.
Aqşin Kərimov
visiontv.az